AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ÇİN XALQ RESPUBLİKASININ ÖLKƏMİZDƏKİ SƏFİRİ ÇJAN XAYÇJOUNU QƏBUL ETMİŞDİR
Bakı, 6 mart (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 6-da Çin Xalq Respublikasının ölkəmizdəki səfiri Çjan Xayçjounu diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.
Azərbaycanda səfir vəzifəsində çalışmasından böyük şərəf duyduğunu söyləyən səfir iki ölkə arasında əlaqələrin uğurla inkişaf etdiyini, qarşılıqlı münasibətlərin bundan sonra da genişlənəcəyinə əminliyini bildirdi.
Dövlətimizin başçısı səfir Çjan Xayçjounun Azərbaycanda fəaliyyəti dövründə ikitərəfli münasibətlərin daha da möhkəmləndiyini vurğuladı. Azərbaycan ilə Çin arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edən Prezident İlham Əliyev iqtisadi sahədə də əməkdaşlığın yaxşı inkişaf etdiyini bildirdi. Bu işə səfirin də töhfələr verdiyini vurğulayan dövlətimizin başçısı gələcək fəaliyyətində ona uğurlar arzuladı.
######
