RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV MƏŞHUR YAZIÇI ÇİNGİZ AYTMATOVU QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 25-də Prezident sarayında məşhur yazıçı Çingiz Aytmatovu qəbul etmişdir.
Dövlətimizin başçısı hörmətli qonağı salamlayaraq, onu yenidən Bakıda görməyindən şad olduğunu bildirdi.
ÇİNGİZ AYTMATOV: Mən isə Sizə öz ehtiramımı bir daha bildirmək üçün yenidən burada olmağıma şadam. Mən Sizin atanızı yaxşı tanıyırdım, onunla Moskvada söhbətlərimiz olubdur.
İLHAM ƏLİYEV: Hörmətli Çingiz Torekuloviç, mən Sizi Azərbaycanın yüksək ordeni ilə təltif etmək istərdim. Bu orden “Dostluq” adlanır. Siz həmişə, bütün dövrlərdə Azərbaycanın böyük dostu olmusunuz. Bu, sovet dövründə də belə olub, - mən bunu atamın söhbətlərindən də bilirəm, Sizin onunla münasibətləriniz mənə məlumdur, - müstəqillik dövründə də. Siz həmişə bizi dəstəkləmisiniz. Çətin anlarda Siz həmişə ədalətin, sülhün, əməkdaşlığın tərəfdarı kimi öz qətiyyətli sözünüzü demisiniz. İcazə verin, bu mükafatı Sizə təqdim edim. Təbrik edirəm.
Burada bir xüsusi məqam var. Bu ordenin qeydiyyat nömrəsi 1-dir. “Dostluq” ordeni yeni ordendir, dövlət təltifidir. Siz bu ordenin təqdim edildiyi birinci şəxssiniz. Bu, çox mühümdür, bu - tarixdir.
######