RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ÖLKƏMİZİN BUDAPEŞTDƏKİ SƏFİRLİYİNİN YENİ BİNASI İLƏ TANIŞ OLMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da, Macarıstana dövlət səfərinin ikinci gününün sonunda ölkəmizin Budapeştdəki səfirliyinin yeni binası ilə tanış olmuşdur.
Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı binanın önündə ölkəmizin Macarıstandakı səfiri Həsən Həsənov və səfirliyin əməkdaşları böyük ehtiramla, gül-çiçəklə qarşıladılar.
Prezident İlham Əliyev səfirliyin binasının xarici görünüşünü seyr etdi. Məlumat verildi ki, yeni bina Budapeştin mərkəzi və ən gözəl məhəllələrindən birində - Ötvöş küçəsində yerləşir. Bu küçə YUNESKO-nun mədəni irs siyahısına daxil edilmişdir. İspaniya, Türkiyə, Avstriya, Çexiya və Rusiya səfirlikləri də bu küçədə yerləşir. XIX əsrin sonu-XX əsrin əvvəllərində tikilmiş bina üç korpusdan ibarətdir və memarlıq abidəsi sayılır. Bina Azərbaycan səfirliyinin mülkiyyətinə keçdikdən sonra tamamilə yenidən təmir olunmuşdur.
Ümumi sahəsi 1000 kvadratmetrdən çoxdur. Burada danışıqlar və konfrans salonları, diplomatlar üçün hər cür şəraiti olan iş otaqları var. Konsulluq da bu binada yerləşəcəkdir.
Prezident İlham Əliyev səfirliyin sərgi salonuna baxdı, ulu öndər Heydər Əliyevin büstünü ziyarət etdi.
Səfirliyin binası ilə yaxından tanış olan dövlətimizin başçısı diplomatları təbrik etdi, onlara uğurlar arzuladı, tövsiyə və tapşırıqlarını verdi.
######