RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN POLŞANIN BAŞ NAZİRİ DONALD TUSK İLƏ GÖRÜŞÜ
AZƏRTAC-ın xususi müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev fevralın 26-da Varşavada Polşanın Baş naziri Donald Tusk ilə görüşmüşdür.
Azərbaycan ilə Polşa arasında iqtisadi, enerji sahələrində və digər sahələrdə əlaqələrin inkişafının xüsusi vurğulandığı görüşdə qeyri-enerji sektorunda da əməkdaşlıq üçün güniş imkanların olduğu bildirildi, perspektivdə bu imkanlardan səmərəli istifadə edilməsinin zəruriliyi diqqətə çatdırıldı.
Prezident İlham Əliyev ölkəmizdə gedən iqtisadi inkişaf proseslərindən danışdı.
İki ölkənin qarşılıqlı iqtisadi maraqlarının olduğu bildirildi, investisiyaların cəlb edilməsi məsələsi barədə müzakirə aparıldı. Söylənildi ki, bu, perspektivdə qarşıda duran əsas məsələlərdən biridir.
Görüşdə humanitar sahədə də geniş bazanın, Azərbaycan və Polşa xalqları arasında tarixən sıx əlaqələrin mövcudluğu, dövlətimizin başçısının bu rəsmi səfərinin əhəmiyyəti vurğulandı. Qeyd olundu ki, bu səfər xüsusilə iqtisadi əlaqələrimizin inkişafı və konkret layihələrin həyata keçirilməsi baxımından çox faydalıdır.
######