SİYASƏT
Azərbaycan Prezidentinin Birləşmiş Ərəb Əmirliklərinə səfəri iki ölkə münasibətlərində yeni səhifə açacaq
![Azərbaycan Prezidentinin Birləşmiş Ərəb Əmirliklərinə səfəri iki ölkə münasibətlərində yeni səhifə açacaq](/files/2023/1/1200x630/1673857046486248563_1200x630.jpg)
Bakı, 16 yanvar, AZƏRTAC
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) işgüzar səfəri iki ölkə arasındakı münasibətlərdə yeni səhifənin açılması deməkdir. Aydın məsələdir ki, Azərbaycan ərəb dünyası və Körfəz ölkələri ilə iqtisadi münasibətləri daha da inkişaf etdirmək niyyətindədir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri politoloq Zaur Məmmədov söyləyib.
O qeyd edib ki, Azərbaycan və BƏƏ arasında İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində də çox müsbət münasibətlər mövcuddur. Lakin biz bilirik ki, hətta 44 günlük müharibə ərzində Ermənistanın ozamankı prezidenti Armen Sarkisyan bir neçə dəfə BƏƏ-yə səfər etmişdi. O cümlədən o da məlumdur ki, bəzən ərəb ölkələri heç də Azərbaycan və Ermənistanla bağlı münasibətlərdə, yanaşmada tam olaraq haqq-ədalətin yanında yer almırlar, bəzən isə balanslı siyasət yürütmək istəyirlər.
“Amma biz əminliklə deyə bilərik ki, bu istiqamətdə də Azərbaycan tərəfindən böyük işlər görülüb. Necə ki, zamanında Mərkəzi Asiya, Şərqi Avropa ölkələri ilə mühüm işlər görüldü. Hazırda isə Körfəz ölkələri ilə də bu istiqamətdə siyasət aparılır. Bunun da nəticəsi artıq görülməkdədir. Belə ki, ötən il dekabrın sonunda Fransa BMT Təhlükəsizlik Şurasında anti-Azərbaycan bəyanatının qəbul edilməsinə çalışdı. Lakin bir neçə dövlətin, o cümlədən BƏƏ-nin buna qarşı çıxması Fransanın arzusunu ürəyində qoydu.
Fransanın ölkəmiz əleyhinə mənfi siyasi davranışına qarşı BƏƏ-nin Azərbaycanı dəstəkləməsi dövlətimiz tərəfindən yüksək qiymətləndirildi. Bu isə o dəməkdir ki, iqtisadi-siyasi, turizm sahəsindəki münasibətlərin inkişafı avtomatik olaraq ölkələrimiz arasında həm də beynəlxalq təşkilatlar vasitəsilə Azərbaycanın dəstəklənməsinə gətirib çıxardı”, - deyə Zaur Məmmədov əlavə edib.
“Yeri gəlmişkən Birləşmiş Ərəb Əmirlikləri o dövlətlərdəndir ki, Vətən müharibəsindən sonra regiona - Şərqi Zəngəzura və Qarabağa buraxıldı. Belə ki, bu ölkə Azərbaycanın işğaldan azad edilmiş torpaqlarına investisiya yatıra bilər. Böyük investisiya ölkəsi olan BƏƏ-nin yaxın vaxtlarda torpaqlarımza milyon dolları aşacaq maliyyə yatıracağını düşünürəm. Hazırda isə BƏƏ ilə Azərbaycan arasında müttəfiqlik münasibətlərinin şahidi olmaqdayıq”, - deyə politoloq vurğulayıb.