“Azərbaycan qadını və müasir media” mövzusunda konfrans keçirilmişdir
Bakı, 6 mart (AZƏRTAC). Qafqaz Universitetində 8 Mart- Beynəlxalq Qadınlar günü münasibətilə “Azərbaycan qadını və müasir media” mövzusunda ümumrespublika konfransı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin deputatlarının, müvafiq qurumların nümayəndələrinin, təhsil işçilərinin və tələbələrin iştirak etdikləri tədbirdə universitetin rektoru, professor Əhməd Saniç cəmiyyətin inkişafında qadınların, o cümlədən media sahəsində çalışan qadınların xidmətlərini vurğulamış, əlamətdar gün münasibətilə xoş arzularını bildirmişdir.
Mövzunun əhəmiyyətini qeyd edən professor Ə.Saniç, eyni zamanda universitetdə jurnalist ixtisası üzrə mütəxəssis hazırlandığını diqqətə çatdırmışdır.
Milli Məclisin deputatı Elmira Axundova ümummilli lider Heydər Əliyevin qadınların, gənclərin inkişafına və təhsilinə daim böyük önəm verdiyini xatırlatmışdır.
Müasir media barədə fikirlərini açıqlayan deputat bu sahədə çalışan Azərbaycan qadınlarının səmərəli fəaliyyətlərindən bəhs etmişdir. E. Axundova müasir dünyada elektron medianın əhəmiyyətini də diqqətə çatdırmışdır.
Qadınlara göstərilən dövlət qayğısından danışan Milli Məclisin deputatı Qənirə Paşayeva xalqımızın milli-mənəvi dəyərlərinin qorunub saxlanmasında onların mühüm rolunu vurğulamışdır.
Cəmiyyətdə kütləvi informasiya vasitələrinə böyük əhəmiyyət verildiyini qeyd edən Q.Paşayeva bu sahədə çalışan qadınlara uğurlar arzulamışdır.
Milli Məclisin deputatları Flora Qasımova, Jalə Əliyeva, Sevinc Hüseynova, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov, Azərbaycan Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, Türkiyənin İstanbul Universitetinin dosenti xanım Pınar Erarslan Yayınoğlu və digər çıxış edənlər Azərbaycan jurnalistikasının inkişafında qadınların xidmətləri, qadın problemlərinin mediada işıqlandırılması, internet mediasının müasir inkişaf meyilləri və digər məsələlər barədə fikirlərini bildirmişlər.