İQTİSADİYYAT
Azərbaycan Qırğızıstanda beşulduzlu otel tikəcək
Bakı, 11 sentyabr, AZƏRTAC
Azərbaycan İssık-Kulda beşulduzlu otel tikmək istəyir.
AZƏRTAC xəbər verir ki, bu barədə Qırğızıstanın deputatı Dastan Bekeşev deyib.
“Büdcə komitəsində biz Azərbaycanla İssık-Kul gölünün sahilində beşulduzlu mehmanxana tikintisinə dair sazişə baxacağıq. Bunun üçün Nazirlər Kabineti ölkənin Kara-Oy kəndində 17 hektar torpaq sahəsi ayıracaq ki, bunun da 12 hektarı abadlaşdırılacaq, 4 hektarı park, 1 hektarı isə vətəndaşlar üçün əlçatan olan çimərlik zonasıdır”, - deyə deputat qeyd edib.
Onun sözlərinə görə, Nazirlər Kabineti pansionata infrastrukturun qurulması və yolun çəkilməsi, mehmanxananın 10 il müddətinə vergilərdən azad edilməsi, 49 il müddətinə torpaq sahəsinin istifadə müddətini uzatmaq hüququ ilə verilməsi barədə öhdəlik götürüb. Öz növbəsində, Azərbaycan 3 il ərzində otel tikməyi və Qırğızıstandan olan işçilərin 70 faizini işlə təmin etməyi öhdəsinə götürür.