Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2013-cü il üçün gəlirləri artırılmışdır
Bakı, 7 noyabr (AZƏRTAC). Noyabrın 7-də Milli Məclisin sosial siyasət komitəsinin iclası keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, iclasda 2013-cü ilin büdcə zərfinə daxil olan “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2013-cü il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2013-cü il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2013-cü il üçün ehtiyac meyarının həddi haqqında” və “Sosial müavinətlər haqqında” Qanununda dəyişikliklər edilməsi barədə” qanun layihələri müzakirə olunmuşdur.
Komitənin sədri Hadı Rəcəbli müzakirə olunan sənədlər barədə ətraflı məlumat vermişdir.
Sonra Azərbaycan respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2013-cü il büdcəsi haqqında” qanun layihəsi barədə məlumat vermişdir. Bildirilmişdir ki, DSMF-nin gələn il üçün büdcə layihəsi tərtib edilərkən Azərbaycan Respublikasında cari ilin sosial iqtisadi inkişaf göstəriciləri və növbəti ilin sosial iqtisadi proqnozları, 2012-ci ilin yanvar-sentyabr aylarında Fondun büdcəsinin icra vəziyyəti, ölkəmizin növbəti il üçün demoqrafik inkişaf meylləri, sığorta-pensiya sisteminin əsas parametrləri, pensiyaçıların say göstəriciləri və s. nəzərə alınmışdır.
Gələn il ölkəmizdə pensiyaçıların sayının 1 milyon 279 min nəfər olacağı gözlənilir.
S.Müslümov demişdir ki, 2013-cü ildə DSMF-nun büdcəsinin gəlir və xərcləri ayrı-ayrılıqda hər biri 2 milyard 632,7 milyon manat nəzərdə tutulmuşdur. Bu, 2012-ci illə müqayisədə 178,7 milyon manat və ya 7,3 faiz çoxdur. Bu vəsaitin 2 milyard 500,3 milyon manatı pensiyaların maliyyələşdirilməsinə, 70 milyon manatı sosial müavinətlərə yönəldiləcəkdir.
Səlim Müslümov fondun gələn il üçün büdcəsinin gəlirləri barədə də ətraflı məlumat vermişdir.
İclasda o da qeyd olunmuşdur ki, 2013-cü ildə ölkəmizdə yaşayış minimumu 116 manat, ünvanlı sosial yardımlar üçün nəzərdə tutulan ehtiyac meyarı isə 93 manat nəzərdə tutulmuşdur.
Müzakirələr zamanı komitə sədrinin müavini Musa Quliyev, deputatlar Elmira Axundova, Əhliman Əmiraslanov və aidiyyəti dövlət orqanlarının məsul şəxsləri qanun layihələri ilə bağlı fikirlərini bildirmişlər.
İclasda “Sosial müavinətlər haqqında” Qanuna təklif olunan texniki dəyişikliklər müzakirə edilmişdir.
Müzakirələrin sonunda gündəlikdə olan qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunmuşdur.