AZƏRBAYCAN RESPUBLİKASI İLƏ KOREYA RESPUBLİKASI ARASINDA ƏLAQƏLƏRİN İNKİŞAF PERSPEKTİVLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, noyabrın 30-da Koreya Respublikasının Prezidenti Roh Mu Hyun nazir E.Məmmədyarovu öz iqamətgahında qəbul etmişdir. Nazir Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında dostluq əlaqələrinə toxunaraq, bu səfərin ölkələrimizin münasibətlərinin inkişafına xidmət edəcəyini söyləmişdir. Nazir, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Koreya Respublikasının Prezidentinə ünvanladığı dəvət məktubunu təqdim etmiş və səfərin ölkəmizdə böyük məmnuniyyət hissi ilə gözlənildiyini diqqətə çatdıraraq, bunun dövlətlərimizin dostluq münasibətlərinin inkişafında yeni mərhələ açacağına əmin olduğunu bildirmişdir.
Koreya Respublikasının Prezidenti Azərbaycana rəsmi səfərə dəvət olunması ilə bağlı dərin minnətdarlığını ifadə edərək, səfərin dəqiq tarixinin diplomatik kanallarla müəyyənləşdiriləcəyini bildirmiş, Azərbaycan Prezidenti İlham Əliyevi ölkəsinə dəvət etmişdir.
Yaxın zamanlarda Azərbaycan Respublikasının Koreya Respublikasında səfirliyinin açılacağını diqqətə çatdıran nazir E.Məmmədyarov, Koreya Respublikasının da Azərbaycanda səfirliyinin açılmasının dövlətlərimiz arasında münasibətlərin möhkəmlənməsində vacib rol oynayacağını vurğulamışdır.
Koreya Prezidentinə Azərbaycanda həyata keçirilən iqtisadi layihələrdən danışan nazir, Koreya şirkətlərinin həmin layihələrdə iştirakının vacibliyini söyləmişdir.
Prezident Roh Mu Hyun Koreya şirkətlərinin Azərbaycanda həyata keçirilən iqtisadi layihələrdə iştirakında maraqlı olduğunu diqqətə çatdırmışdır.
Görüşdə ölkələrimiz arasında mədəniyyət və humanitar sahələrdə mövcud əlaqələrə toxunulmuş və bunun xalqlarımızın münasibətlərinin daha da yaxınlaşmasına təkan verəcəyi qeyd olunmuş, maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılmışdır.
Həmin gün E.Məmmədyarov Koreya Respublikasının Milli Məclisinin sədri Kim Von Ki ilə görüşmüşdür. Kim Von Ki E.Məmmədyarovun Koreya Respublikasına səfərinin ölkələrimiz arasında dostluq münasibətlərinin daha da möhkəmlənəcəyinə kömək edəcəyini bildirmişdir. Parlamentlərarası münasibətlərin inkişafı üçün Azərbaycan Respublikasının yeni seçilmiş Milli Məclisində və Koreya Respublikasının qanunverici orqanında dostluq qruplarının yaradılmasının vacibliyini qeyd etmişdir. Görüşdə, ölkələrimiz arasında digər sahələrdə də münasibətlərə dair məsələlər müzakirə olunmuşdur.
Sonra nazir E.Məmmədyarov koreyalı həmkarı Ban Ki-mun ilə görüşmüş, bu ölkəyə səfərindən məmnun qaldığını söyləmişdir. E.Məmmədyarov koreyalı həmkarını Azərbaycana səfərə dəvət etmişdir. Ölkələrimiz arasında ikitərəfli siyasi-iqtisadi, mədəni və humanitar əlaqələrin inkişafı üçün hüquqi bazanın yaradılmasının zəruriliyini vurğulayan E.Məmmədyarov, hər iki tərəfin bu istiqamətdə müvafiq işlər gördüyünü söyləmişdir. Nazirlər beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyət məsələlərini müzakirə etmişlər.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması istiqamətində görülən işlər haqqında koreyalı həmkarına ətraflı məlumat verən E.Məmmədyarov, bu məsələdə Koreya Respublikasının Azərbaycana dəstək verməsinin önəmli olduğunu qeyd etmiş, respublikamızın gənc diplomatları üçün Koreya dili kurslarının yaradılması məsələsini müzakirə etmişdir.
Rəsmi danışıqlardan sonra Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Koreya Respublikasının Xarici İşlər və Ticarət nazirlikləri arasında əməkdaşlıq haqqında Protokol imzalanmışdır.
Həmin gün nazir E.Məmmədyarov Koreya Respublikasının kommersiya, sənaye və enerji naziri Hi-beom Lin və ölkənin iş adamları ilə də görüşmüşdür. Görüşlərdə Azərbaycan və Koreya arasında iqtisadi əməkdaşlığa dair bəzi məsələlər müzakirə olunmuş, Koreya iş adamlarının Azərbaycan iqtisadiyyatına böyük maraq göstərmələrinin ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyi, xarici sərmayədarlar üçün respublikamızda münasib şəraitin yaradıldığı diqqətə çatdırılmışdır.
Noyabrın 30-da E.Məmmədyarov tanışlıq məqsədi ilə “Samsunq” şirkətinə gələrək müəssisənin fəaliyyəti ilə tanış olmuşdur.
Daha sonra E.Məmmədyarov “The Korea Times” informasiya agentliyinə müsahibə vermişdir.
Görüşlərdə Azərbaycan Respublikasının Koreya Respublikasındakı səfiri Yaşar Əliyev iştirak etmişdir.