AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYA MƏHKƏMƏSİNİN PLENUMU MİLLİ MƏCLİSƏ SEÇKİLƏRIN NƏTİCƏLƏRİNƏ DAİR KONSTİTUSİYA İŞİNƏ BAXMIŞDIR
İclasa sədrlik edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Azərbaycan Respublikası Konstitusiyasının 86-cı maddəsinə və 130-cu maddəsinin VIII hissəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatı qaydasında Mərkəzi Seçki Komissiyasından daxil olmuş materiallar üzrə işə baxan Plenumun tərkibini elan etdi. Hakimlər Ələddin Sultanov, Bəhmən Qəribov və Rafael Qvaladzenin Mərkəzi Seçki Komissiyasının Konstitusiya Məhkəməsinə təqdim etdiyi yekun protokolunun, habelə dairə seçki komissiyalarının protokollarının (onlara əlavə edilən sənədlərlə birlikdə) yoxlanılmasının nəticələrinə dair məruzələri dinlənildi.
Sonra Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, MSK sədrinin müavini Svetlana Qasımova, katibi Natiq Məmmədov, üzvləri Mənsum Bayramov, Ənvər Əliyev çıxış etdilər. Bakı Dövlət Universiteti hüquq fakültəsinin konstitusiya hüququ kafedrasının dosenti, hüquq elmləri namizədi Mübariz İsmayılov və kafedranın müəllimi Şiraslan Yusubov ekspert rəyi ilə, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin əməkdaşlarından ibarət mütəxəssislər qrupunun tərtib etdiyi arayışla Elman Qasımov çıxış etdilər. Çıxış edənlər hakimlərin suallarını da cavablandırdılar.
Məruzələrdə və çıxışlarda vurğulandı ki, indiki parlament seçkilərinə hazırlıq və səsvermə prosesi müəyyən xüsusiyyətləri ilə əvvəlki bütün seçkilərdən fərqlənmişdir. Belə ki, deputatlar yalnız majoritar sistem üzrə seçilmiş, parlamentə seçkilər ölkədə bütün seçki prosesini tənzimləyən vahid hüquqi sənəd - Azərbaycan Respublikasının Seçki Məcəlləsi əsasında keçirilmişdir. Seçkilər ölkənin bütün seçki dairələrində, o cümlədən ilk dəfə Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisində yaradılmış 112-ci Xankəndi seçki dairəsində keçirilmişdir. Deputatlığa namizədliyi irəli sürülən şəxsin müdafiəsi üçün zəruri seçici imzalarının kvotası 2000 imzadan 450 imzaya endirilmişdir. Namizədlərin qeydiyyata alınma prosesinin asanlaşdırılması nəticəsində seçkiqabağı prosesin iştirakçılarının sayı 2 minə çatmışdır. 60 min yerli, 1700 xarici müşahidəçi seçki prosesini izləmişdir. Hər bir seçiciyə seçki vəsiqəsi təqdim olunmuş, yerli qeyri-hökumət təşkilatlarına seçkini müşahidə etmək üçün icazə verilmiş, barmaqların rəngsiz mürəkkəblə işarələnməsi və “exit-poll” həyata keçirilmişdir.
MSK-nın sədri M.Pənahov parlament seçkilərinə hazırlıq dövründən başlayaraq görülən işlər barədə ətraflı məlumat verdi. O, xüsusi vurğuladı ki, baş verə biləcək əyintilərin və qanun pozuntularının qarşısını almaq, seçkiləri Seçki Məcəlləsinin müddəalarına tam uyğun keçirmək, icra hakimiyyəti orqanlarının üzərlərinə düşən vəzifələrin lazımınca yerinə yetirilməsi, vətəndaşların seçki hüquqlarının daha dolğun təmin edilməsi məqsədi ilə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2005-ci il mayın 11-də “Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə dair” və oktyabrın 25-də “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” Sərəncamlar imzalanmışdır. Həmin Sərəncamlar seçkilərin ədalətli, şəffaf, azad, demokratik prinsiplər əsasında keçirilməsi baxımından ölkə rəhbərliyinin iradəsini əks etdirirdi. Bu mühüm sənədlər parlament seçkilərinin demokratik şəkildə, beynəlxalq standartlara uyğun keçirilməsində mühüm rol oynamışdır.
Bununla belə, səsvermənin gedişində bəzi qanun pozuntularına da yol verilmişdir. Mərkəzi Seçki Komissiyası dairə seçki komissiyalarından 4-də və 460 seçki məntəqəsində səsvermənin nəticələrini etibarsız hesab etmişdir. Bundan başqa, MSK-nın 2005-ci il 8 və 9 noyabr tarixli qərarlarına uyğun olaraq, 31 saylı Suraxanı ikinci seçki dairəsinin 10 seçki məntəqəsində, 8 saylı Binəqədi birinci seçki dairəsinin 12 seçki məntəqəsində seçkilərin nəticələri etibarsız hesab edilmiş, nəticədə həmin dairələr üzrə deputat seçilmiş namizədlər dəyişmişdir. M.Pənahov dedi ki, seçkilərin nəticələrinə dair Konstitusiya Məhkəməsinə təqdim olunmuş protokolu MSK-nın 13 üzvü imzalamışdır.
Bildirildi ki, Mərkəzi Seçki Komissiyasının sənədləri Konstitusiya Məhkəməsinə daxil olduqdan sonra məhkəmə onların yoxlanılması üçün müvafiq mütəxəssisləri cəlb etmiş, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 54.4-cü maddəsinə uyğun olaraq, Apellyasiya Məhkəməsindən, Ali Məhkəmədən, habelə Ədliyyə Nazirliyindən və Azərbaycan Respublikası Prokurorluğundan seçki hüquqlarının müdafiəsi və seçki qanunvericiliyinin pozulması ilə əlaqədar baxılmış şikayət və ərizələr haqqında məlumatları tələb etmişdir. Müəyyən edilmişdir ki, bu orqanlara daxil olmuş şikayətlərə də qanunvericiliyin tələblərinə uyğun baxılmışdır.
Xüsusi vurğulandı ki, Respublika Prokurorluğuna cinayət tərkibli ehtimal edilən cəmi 72 müraciət daxil olmuş, bunların araşdırılması nəticəsində 11 cinayət işi, o cümlədən, seçiciləri ələ almaq məqsədi ilə müəyyən hərəkətlərə yol verdiklərinə görə 26 saylı Sabunçu birinci, 41 saylı Sumqayıt birinci, 88 saylı Göyçay, 102 saylı Samux-Şəmkir, 108 saylı Ağstafa və 117 saylı Oğuz-Qəbələ dairələri üzrə qeydə alınmış bir sıra namizədlər, seçki komissiyasının işinə müdaxilə etdiyinə görə 99 saylı Şəmkir kənd seçki dairəsi üzrə qeydə alınmış bir namizəd, seçki sənədlərini saxtalaşdırdıqlarına görə 42 saylı Sumqayıt ikinci dairə seçki komissiyasının sədri və başqaları, 9 saylı Binəqədi ikinci dairə seçki komissiyasının sədri və başqaları, 31 saylı Suraxanı ikinci seçki dairəsinin 10 məntəqə seçki komissiyasının sədrləri və üzvləri, qulluq səlahiyyətlərindən sui-istifadə etdiklərinə görə 69 saylı Cəlilabad-Masallı-Biləsuvar dairə seçki komissiyasının 4 üzvü barəsində cinayət işləri başlanılmışdır.
Konstitusiya Məhkəməsinin Plenumu Mərkəzi Seçki Komissiyasının protokolunun tərtib edilməsi üçün əsas götürülmüş 121 dairə seçki komissiyalarının protokollarından 115 dairə seçki komissiyalarının protokollarını Seçki Məcəlləsinə uyğun hesab etmişdir. Bildirilmişdir ki, 6 dairə seçki komissiyalarının protokolları Seçki Məcəlləsinin tələblərinə cavab vermədiyinə görə, həmin dairələr üzrə seçkilərin nəticələri təsdiq oluna bilməz.
Konstitusiya Məhkəməsinin Plenumu gündəlikdəki məsələ ilə əlaqədar müvafiq qərar qəbul etdi.
İclasda xarici ölkələrin respublikamızda akkreditə olunmuş diplomatları, beynəlxalq təşkilatların təmsilçiləri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdilər.