AZƏRBAYCAN RUSİYA JURNALİSTLƏRİNİN BAYRAMINDA
Bu forumda respublikamız Jurnalistlər Birliyinin katibi Altay Zahidov başda olmaqla nümayəndə heyəti – Azərbaycan Dövlət Teleqraf Agentliyinin, ANS, Space, Lider müstəqil teleşirkətlərinin əməkdaşları ilə təmsil olunmuşdu.
Festivalın təntənəli açılışı “Daqomıs” sağlamlıq kompleksinin kino-konsert salonunda keçirildi. Mərasimdə Krasnodar diyarının qubernatoru Aleksandr Tkaçov, Rusiya Jurnalistlər İttifaqının sədri Vsevolod Boqdanov və Beynəlxalq Jurnalistlər Federasiyasının baş katibi Aydan Uayt iştirak edirdilər.
Forum günlərində Azərbaycan nümayəndə heyəti rusiyalı həmkarları ilə bir sıra görüşlər keçirdilər. Vsevolod Boqdanovla və Aydan Uayt ilə görüşlərdə jurnalistlərimiz Cənubi Qafqazda baş verən hadisələrin Rusiya KİV-lərində doğru-düzgün, obyektiv işıqlandırılmasının vacibliyini vurğuladılar. Nəzərə çarpdırıldı ki, millətlərarası və dini mövzularda məqalələr dərc etdirən jurnalistlərin bəzən qərəzliliyi və qeyri-obyektivliyi üzündən cəmiyyətdə ehtiraslar qızışır, gərginlik yaranır.
İyunun 15-də - Milli Qurtuluş günü Azərbaycan günü keçirildi. Festival iştirakçıları ölkəmizin dövlət bayramına həsr olunmuş və AZƏRTAC-ın fotomaterialları ilə geniş illüstrasiya verilmiş ekspozisiyaya maraqla baxdılar. Açılış mərasimində nümayəndə heyətinin başçısı Altay Zahidov müstəqil Azərbaycanın təşəkkülündə ümummilli liderimiz Heydər Əliyevin xidmətlərindən danışaraq bildirdi ki, bu dahi şəxsiyyətin 1993-cü il iyunun 15-də ölkəyə rəhbərliyə qayıdışı dövlətimizi məhv olmaqdan xilas etdi.
Mərasim iştirakçılarına hədiyyələr verildi, Azərbaycan haqqında bukletlər, audio və video kassetlər paylandı.
Azərbaycan nümayəndə heyəti dövlət bayramı şərəfinə qəbul təşkil etdi.