Azərbaycan şahmatçısının İddiaçılar Turnirində iştirakı üçün hazırlıq proqramı tərtib olunub
Bakı, 16 yanvar, AZƏRTAC
Azərbaycanı bu il şahmat üzrə İddiaçılar Turnirində təmsil edəcək Nicat Abasov üçün birgə hazırlıq proqramı tərtib olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov qurumun rəsmi saytına açıqlamasında deyib.
Onun sözlərinə görə, 29 yaşlı qrosmeysterin yarışa layiqincə hazırlaşması üçün proqram üzrə bütün işlər görülür.
M.Məmmədovun fikrincə, N.Abasov Dünya Kubokundakı çıxışı ilə mötəbər turnirdə iştiraka layiq olduğunu göstərdi: “Dünya Kubokunda üçüncü yer uğrunda görüşün ilk partiyasında Nicat Fabiano Karuanaya qalib gəldi, sonradan təzyiqə davam gətirə bilmədi və üçüncü yerin bir addımlığında dayandı”.
AŞF rəhbəri bildirib ki, FIDE tərəfindən İddiaçılar Turniri yaranandan Azərbaycan şahmatçılarının bir çoxu bu yarışda mübarizə aparıb: “Mütəmadi olaraq, Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov turnirdə öz qüvvəsini sınayıb, hətta qalib gəlməyə yaxın olublar. Şəhriyar Berlində qalibiyyətin bir addımlığında olduğu halda ikinci yeri tutdu. Teymur Madrid şəhərindəki turniri üçüncü yerdə başa vurdu. Bu yarışdan sonra Maqnus Karlsen dünya çempionu titulunu qorumaqdan imtina etdi və İddiaçılar Turnirində ilk iki yeri tutan şahmatçılar çempionluq uğrunda mübarizə apardılar”.
Qeyd edək ki, İddiaçılar Turniri aprelin 2-25-də Kanadanın Toronto şəhərində keçiriləcək.