“Azərbaycan sənətşünaslığı Şərq-Qərb dialoqu kontekstində” - beynəlxalq konfrans
Bakı, 26 iyul, AZƏRTAC
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) yaradılmasının 100 illiyi münasibətilə “Azərbaycan sənətşünaslığı Şərq-Qərb dialoqu kontekstində” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.
Bu barədə AZƏRTAC-a ADMİU-dan məlumat verilib. Bildirilib ki, konfrans noyabrın 17-də ADMİU-da təşkil ediləcək. Konfransa sənətşünaslıq, teatr sənəti, kino, televiziya və digər ekran sənətləri, sosial elmlər, musiqi sənəti və təsviri sənət bölmələri üzrə məruzələr qəbul edilir. Habelə teatrşünaslıq, kinoşünaslıq, rejissorluq, təsviri incəsənət tarixi və nəzəriyyəsi, dekorativ tətbiqi sənət, musiqişünaslıq, mədəniyyət tarixi və nəzəriyyəsi, sosial iş, turizm, muzey, arxiv işi və abidələrin qorunması istiqamətləri üzrə məruzələr qəbul edilir.
Konfransın proqramına daxil ediləcək məruzələr sentyabrın 30-dan gec olmayaraq Azərbaycan, rus və ya ingilis dillərində [email protected] ünvanına göndərilməlidir.
Məruzə mətninin tərtibi qaydaları və strukturu barədə daha ətraflı məlumatla ADMİU-nun saytında tanış olmaq mümkündür.
Qeyd: Konfransın “Zoom” platformasında keçirilməsi istisna edilmir. Beynəlxalq tədbirin işçi dilləri Azərbaycan, türk, rus və ingilis dilləridir.
Konfrans materialları toplu şəklində dərc olunub hər bir iştirakçıya təqdim ediləcək və ADMİU-nun rəsmi saytında rəqəmsal formatda yerləşdiriləcək.