AZƏRBAYCAN SİLAHLI QÜVVƏLƏRİNİN ƏMƏKDAŞLARINA SERTİFİKATLAR VERİLMİŞDİR
Bu münasibətlə keçirilən tədbiri Britaniya Şurasının İngilis dili lahiyələri üzrə meneceri Brayn Maquaer açaraq demişdir ki, Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri NATO standartlarına uyğun olan STANAG-2 proqramını çox yüksək səviyyədə mənimsəmişlər. Bu, Azərbaycanın və Böyük Britaniya Krallığının birgə əməkdaşlığının uğurudur.
Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi polkovnik Ramiz Nəcəfov müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin təbrikini tədbir iştirakçılarına çatdıraraq bildirmişdir ki, Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına qoşulduqdan sonra Silahlı Qüvvələrimizin qarşısında duran əsas vəzifələrdən biri NATO-nun rəsmi dili olan ingilis dilini bilən qulluqçuların hazırlanması olmuşdur. İlk illərdə bu məqsədlə hərbi qulluqçularımızı xarici ölkələrə o, cümlədən Böyük Britaniyaya göndərirdik. Lakin 1999-cu ildən başlayaraq, Cənubi Qafqaz üzrə Britaniya Şurası təşkilatının yardımı ilə bu sahədə vəziyyət xeyli yaxşılaşmışdır. İndiyədək 500-dən çox hərbi qulluqçumuz digər mərkəzlərdə keçirilən kurslarda iştirak etmişdir. İdarə rəisi “Sülhməramlı ingilis dili” layihəsi çərçivəsində Britaniya Şurasının yardımını yüksək qiymətləndirmiş və əməkdaşlığımızın gələcəkdə daha da səmərəli olacağını bildirmişdir.
NATO ilə Azərbaycan arasında əməkdaşlığın genişləndiyini xüsusi vurğulayan Böyük Britaniyanın ölkəmizdəki səfirinin müavini Kolin Vells Azərbaycan Silahlı Qüvvələrinin sülhməramlı əməliyyatlarda, hərbi təlimlərdə nümunəvi xidmət apardıqlarını da nəzərə çarpdırmışdır. O, ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı İlham Əliyevin NATO ilə əməkdaşlığın inkişafı üçün atdıqları addımlardan danışmış və bu sahədə görülən işləri yüksək qiymətləndirmişdir. Diplomat belə yüksək səviyyəli kursların gələcəkdə də təşkil olunacağına ümid bəslədiyini söyləmişdir.
Sonra hərbi qulluqçulara sertifikatlar təqdim olunmuşdur.