Azərbaycan Ssenaristlər Gildiyasının sədri: Gildiya daxilində gənc müəlliflərin inkişafına xüsusi diqqət ayrılacaq
Bakı, 8 iyul, AZƏRTAC
Güclü kino sənayesinin təməlində güclü ssenari dayanır. Bunun üçün isə təkcə istedad kifayət etmir. Ssenaristin inkişaf edə biləcəyi peşəkar mühit, bilik mübadiləsi, beynəlxalq əlaqələr və davamlı inkişaf imkanları olmalıdır. Yeni yaradılan Azərbaycan Ssenaristlər Gildiyasının missiyası məhz bu imkanların yaradılmasına töhfə verməkdir.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Ssenaristlər Gildiyasının sədri Nicat Dadaşov deyib.
O, Gildiya daxilində gənc müəlliflərin inkişafına xüsusi diqqət ayrılacağını deyib: "Biz, həmçinin Gənc Ssenaristlər Klubunu yaratmağı planlaşdırırıq. Burada ilk ssenarisini yazan və ya peşəyə yeni başlayan müəlliflər Gildiyanın üzvləri ilə birlikdə müzakirələrdə iştirak edəcək, təcrübə mübadiləsi aparacaq və öz layihələrini inkişaf etdirmək imkanı qazanacaqlar”.
Nicat Dadaşov əlavə edib ki, ssenaristin davamlı öyrənməsi, peşəkar mühitdə olması, layihəsini inkişaf etdirə bilməsi və beynəlxalq təcrübəyə çıxış əldə etməsi çox vacibdir. Buna görə də Gildiyanın bütün fəaliyyət istiqamətləri məhz ssenaristin peşəkar inkişafına xidmət edir.
Müxbir - Gülay Nəzərova