Azərbaycan Texniki Universitetində “Gələcəyin mühəndisi-2” olimpiadasının qalibləri mükafatlandırılıb
Bakı, 25 iyun, AZƏRTAC
Azərbaycan Texniki Universitetində (AzTU) “Gələcəyin mühəndisi-2” onlayn olimpiadasının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən rektor Vilayət Vəliyev olimpiadanın şagirdlər arasında mühəndis ixtisasına marağın artırılması məqsədilə təşkil olunduğunu bildirib. Qeyd olunub ki, olimpiadaya maraq artmaqdadır. Bu il “Gələcəyin mühəndisi -2” olimpiadasında Bakıdan və Azərbaycanın digər bölgələrindən I və II ixtisas qrupu üzrə hazırlaşan 275 nəfər XI sinif şagirdi iştirak edib. İştirakçılara fizika və riyaziyyat, kimya və informatika fənlərinin hər biri üzrə 2 sual təqdim olunub. Olimpiadanın nəticələri universitetin müəllimlərindən ibarət işçi qrupu tərəfindən yoxlanılıb. Rektor, həmçinin AzTU-da tələbələr üçün yaradılan imkanlardan söhbət açıb.
Tədbirdə iştirak edən məktəb direktorları, valideynlər və şirkət nümayəndələri də olimpiadanın əhəmiyyətindən danışıblar. Daha sonra qaliblərə hədiyyələr və sertifikat təqdim olunub.
Qeyd edək ki, müsabiqədə 1-ci yerə layiq görülən abituriyent AzTU-ya qəbul olunsa, rektorun xüsusi təqaüdü ilə mükafatlandırılacaq.
Xatırladaq ki, ötən il AzTU-da keçirilmiş “Gələcəyin mühəndisi -1” onlayn olimpiadasında 185 nəfər XI sinif şagirdi iştirak edib.