İDMAN
Azərbaycan triatlonçusu Rostislav Pevtsov “Tokio-2020”də mükafatçılar sırasına düşə bilməyib
Bakı, 26 iyul, AZƏRTAC
Azərbaycan triatlonçusu Rostislav Pevtsov "Tokio-2020" Yay Olimpiya Oyunlarını 41-ci pillədə başa vurub.
AZƏRTAC xəbər verir ki, "Odaibe Marine Park"da təşkil olunan yarışda 56 idmançı birincilik uğrunda mübarizə aparıb. İdmançımız 33-cü nömrə altında çıxış edib.
Triatlonçumuz 1500 metr üzmə məsafəsini, 40 kilometr velosiped və 10 kilometr qaçış yarışlarını 1 saat 50 dəqiqə 46 saniyəyə qət edib.
Yarışın qalibi Norveç idmançısı Kristian Blummenfelt olub. O, məsafəni 1 saat 45 dəqiqəyə başa vurub. Gümüş medala Böyük Britaniya təmsilçisi Aleks Yi sahib olub. İlk üçlüyü Yeni Zelandiya idmançısı Hayden Vilde tamamlayıb.