Azərbaycan Turizm İnstitutunun əməkdaşları beynəlxalq layihələrdə layiqincə təmsil olunurlar
Bakı, 24 iyun (AZƏRTAC). Azərbaycan Turizm İnstitutu (ATİ) Avropa İttifaqının E-NOTES Tempus qrant layihəsi (ECDL - European Computer Driving License) çərçivəsində keçirilmiş növbəti mobillik proqramlarında layiqincə təmsil olunmuşdur.
ATİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Avropanın 5 ölkəsinin əməkdaşlığı əsasında həyata keçirilən layihə artıq 2 ildir uğurla davam edir. Layihəyə uyğun olaraq təlimçi və inzibati heyət üzvləri üçün vaxtaşırı xarici əməkdaş ali təhsil müəssisələri tərəfindən xüsusi təlimlər təşkil edilir. ATİ-nin informasiya texnologiyaları kafedrasının müəllimi Nailə Musayeva və informasiya texnologiyaları şöbəsinin mütəxəssisi Çingiz Ömərov Latviyanın Riqa şəhərində yerləşən İnformasiya Sistemlərinin İdarə Olunması İnstitutunda keçirilən belə bir təlimdə iştirak etmişlər.
Tədbirdə Latviyada ECDL-in tətbiqi, E-təhsil və onun inkişaf etdirilməsinə dair məsələlər əsas müzakirə mövzusu olmuşdur. Eyni zamanda, İnformasiya Sistemlərinin İdarə Olunması İnstitutunun ECDL test mərkəzi və platforması ilə tanışlıqla bərabər, qarşılıqlı təcrübə mübadiləsi aparılmışdır.
Turizm və qonaqpərvərlik fakültəsinin dekan müavini Flora Ələsgərova, informasiya texnologiyaları kafedrasının müəllimi Nailə Musayeva və beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Vüsalə Qəhrəmanlı və ölkəmizin digər təmsilçiləri layihə çərçivəsində İspaniyanın Alikante Universitetində olmuşlar.
Səfər zamanı ATİ-nin daha əvvəl İsveçin Stokholm şəhərində fəaliyyət göstərən KTH Kral Texnologiya Universitetində keçirilmiş görüşdə təklif olunan və razılıqla qarşılanan “Layihənin idarə olunması sirkulyasiyası” mövzusunda üçgünlük təlim keçirilmişdir. Təlim zamanı iştirakçılar tapşırığa əsasən qruplar şəklində layihə nümunəsi hazırlamışlar.