Azərbaycan Turizm İnstitutunun tələbələri xarici ölkələrdə istehsalat təcrübəsini uğurla başa vurmuşlar
Bakı, 20 sentyabr (AZƏRTAC). Azərbaycan Turizm İnstitutunda (ATİ) təhsilin təcrübə ilə əlaqələndirilməsinə mühüm önəm verilməklə bərabər, böyük qayğı da göstərilir. Dünyanın nüfuzlu turizm müəssisələri şəbəkəsinin əsas söz sahibləri, müvafiq qurumların rəhbərləri ilə faydalı əlaqələrin inkişafı institut tələbələrinin keyfiyyətli və hazırlıqlı kadr kimi yetişməsinə təkan verir.
ATİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, 2007-ci ildən 2013-cü ilədək institutun tələbələrindən 60 nəfəri Türkiyədə, 69 nəfəri İsraildə, 2008-cü ildən 2013-cü ilədək 54 nəfəri Şimali Kiprdə, 30 nəfəri isə Yunanıstanda təcrübədə olmuşlar. Ölkəmizdə isə bu müddətdə 780 nəfər istehsalat təcrübəsini uğurla başa vurmuşdur.
İnstitutun tədris işləri üzrə prorektoru Eldar Aslanov Türkiyədə və İsraildə təcrübə keçən tələbələrlə görüşü zamanı dünya iqtisadiyyatında mühüm yer tutan sahələrdən biri kimi turizmdə Azərbaycanın rəqabət imkanları və ATİ-nin üzərinə düşən başlıca vəzifələrdən söz açmışdır. O, Türkiyə və İsraildə təcrübə keçən tələbələrin təkliflərinin nəzərə alınacağını bildirmiş, bu ölkələrin nüfuzlu otellərində işləmək təklifi alanları isə təbrik edərək, onlara uğurlu təhsil və karyera arzulamışdır.