Azərbaycan və Bolqarıstan alimləri ədəbiyyat və folklor sahəsində birgə layihə icra edəcəklər
Bakı, 11 oktyabr, AZƏRTAC
AMEA Rəyasət Heyətinin iclasında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Folklor İnstitutu ilə Bolqarıstan EA Ədəbi Tədqiqatlar İnstitutunun “Ədəbiyyatda satira və yumor: folklordan yazılı ədəbiyyatadək (Azərbaycan və bolqar ədəbiyyatının materialları əsasında)” mövzusunda birgə elmi layihənin və Azərbaycan tərəfindən icraçılarının təsdiq olunması haqqında məsələ müzakirə edilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. İclasda AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, iyulun 2-5-də Bolqarıstana səfəri zamanı Azərbaycan Milli Elmlər Akademiyası ilə bu ölkənin Elmlər Akademiyası arasında əməkdaşlıq sazişi imzalanıb. Sazişin icrası ilə bağlı AMEA Rəyasət Heyəti tərəfindən iyulun 12-də qərar qəbul edilib, satira və yumor üzrə birgə tədqiqat layihəsinin icrasından irəli gələn məsələlərin həll edilməsi ilə bağlı tapşırıqlar verilib.
Akademik İsa Həbibbəyli qeyd olunanlara uyğun olaraq AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Folklor İnstitutu ilə Bolqarıstan EA-nın Ədəbi Tədqiqatlar İnstitutunun “Ədəbiyyatda satira və yumor: folklordan yazılı ədəbiyyatadək (Azərbaycan və Bolqar ədəbiyyatının materialları əsasında)” mövzusunda birgə elmi layihəsinin planı hazırlanaraq AMEA-nın Rəyasət Heyətinə təqdim edildiyini diqqətə çatdırıb.
İclasda birgə elmi layihənin planı və Azərbaycan tərəfindən icraçıları təsdiq olunub.