Azərbaycan və İordaniya arasında turizm sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur
Bakı, 22 avqust (AZƏRTAC). Avqustun 22-də Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı səfiri Elman Araslı bu ölkənin turizm naziri, xanım Hayfa Əbu Qazaleh ilə görüşmüşdür.
Görüşdə Azərbaycan ilə İordaniya arasında turizm sahəsində əməkdaşlığın perspektivləri, qarşılıqlı turizm imkanlarının öyrənilməsi məqsədilə bu sahədə fəaliyyət göstərən agentlik və şirkətlərin nümayəndə heyətlərinin səfərlərinin təşkili məsələləri müzakirə olunmuşdur.
Söhbət zamanı son illərdə Azərbaycanın turizm sahəsində əldə etdiyi nailiyyətlər, turizmin inkişafı üçün həyata keçirilən tədbirlər, iri layihələr haqqında məlumat verən səfir, bu il Bakıda beşulduzlu hotellərin istifadəyə veriləcəyini bildirmişdir.
Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda 2011-ci ilin “Turizm ili” elan edildiyini diqqətə çatdıran səfir, bunun iki ölkə arasında turizm sahəsində əməkdaşlığın qurulması üçün yaxşı fürsət olduğunu vurğulamış, İordaniyanın turizm şirkətlərinin mütəxəssislərindən ibarət nümayəndə heyətini ölkəmizə səfərə dəvət etmişdir.
İki ölkə arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan iordaniyalı nazir, turizm şirkətlərinin nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkili təşəbbüsünü müsbət qiymətləndirmiş, tərkibə jurnalistləri də daxil edilməsini təklif etmişdir. Nazir dövlətlərin turizm sahəsindəki əməkdaşlığının davamlı və səmərəli olması üçün ölkələr arasında birbaşa uçuşların əhəmiyyətini də vurğulamışdır.
Təklifin tezliklə İordaniyanın Turizmin İnkişafı Şurasında müzakirəyə çıxarılacağını qeyd edən xanım H. Əbu Qazaleh, ölkəmiz və onun turizm imkanları ilə yaxından tanış olmaq məqsədilə Azərbaycana səfər etmək arzusunda olduğunu bildirmişdir.
İordaniyalı nazirə səfirliyin dəstəyi ilə Azərbaycan haqqında yeni nəşr olunmuş kitab təqdim edilmişdir.