RƏSMİ XRONİKA
AZƏRBAYCAN VƏ POLŞA RESPUBLİKALARI ARASINDA SƏNƏDLƏR İMZALANMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, fevralın 26-da Varşavada Azərbaycan və Polşa respublikaları arasında əməkdaşlığa dair iki sənəd imzalanmışdır.
“1997-ci il 26 avqust tarixində Varşava şəhərində imzalanmış Azərbaycan Respublikası Hökuməti ilə Polşa Respublikası Hökuməti arasında Mülki hava daşımaları haqqında Sazişə düzəlişlər edilməsi haqqında Protokol”u Azərbaycan Respublikası tərəfdən “Azərbaycan Hava Yolları” Dövlət Konserninin (AZAL) baş direktoru Cahangir Əsgərov, Polşa Respublikası tərəfdən Polşanın Mülki Aviasiya Ofisinin prezidenti Qjeqoj Kruşinski imzalamışlar.
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti ilə Polşa Televiziyası arasında əməkdaşlığa dair Saziş”i Azərbaycan Respublikası tərəfdən “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanov, Polşa Respublikası tərəfdən Polşa Televiziyasının direktoru Andjei Urbanski imzalamışlar.