Azərbaycan xalqının hüznü
Bakı, 27 fevral (AZƏRTAC). Yəhudi Xəbərlər Agentliyinin (YXA) saytında Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar Bakıda keçirilən tədbirlərə həsr olunmuş “Azərbaycan xalqının hüznü” sərlövhəli məqalə dərc edilmişdir.
Məqalədə deyilir ki, Xocalı faciəsinin 22-ci ildönümündə Azərbaycanda matəm tədbirləri keçirilir. Həmin tədbirlərdə respublikanın bütün etnos və konfessiyalarının nümayəndələri, o cümlədən ölkənin yəhudi dini icmasının üzvləri iştirak edirlər.
Məqalədə bildirilir ki, günün birinci yarısında Bakının Xətai rayonunda Xocalı faciəsi qurbanlarının abidəsi önünə əklil qoyulmuş, minlərlə insan Dağüstü parkdakı Şəhidlər xiyabanını ziyarət etmişdir”.
Dağ Yəhudiləri Beynəlxalq Xeyriyyə Fondunun (STMEQİ) Azərbaycandakı nümayəndəliyinin başçısı Semyon İxiilov Yəhudi Xəbərlər Agentliyinə bildirmişdir: “Bu gün azərbaycanlılar, yəhudilər, ruslar, digər etnosların nümayəndələri 1992-ci ilin fevralında Xocalıda həlak olanların qarşısında baş əyirlər. Məscidlərdə, sinaqoqlarda, kilsələrdə Xocalı şəhidlərinin ruhuna dualar oxunur. Xocalı bizim ümumi dərdimizdir, ümumi xatirəmizdir”.
Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun aparıcı elmi işçisi, tanınmış yəhudi tarixçi Moşe Bekker Yəhudi Xəbərlər Agentliyinə bildirmişdir: “Biz, Azərbaycan yəhudiləri tarixin dərslərini unutmamağa çağırırıq. Holokost, Babi Yar, Xocalı faciələrini xatırlamaq bizim borcumuz, vəzifəmizdir. Keçmişin dəhşətləri unudularsa, onlar tarixi inkişafın yeni mərhələsində üstümüzə qayıdacaqdır. Yalnız keçmiş haqqında məlumatlar faciələrin təkrarlanmasının qarşısını ala bilər”.
Fevralın 26-sı saat 17:00-da Azərbaycanın bütün ərazisində müsəlmanlar, iudeylər, xristianlar Xocalı faciəsi qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Məqalənin tam mətni ilə http://aen.ru/?page=brief&article_id=69941 linkində tanış olmaq olar.