Azərbaycan Yəməndəki böhranın ölkənin ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinə tərəfdardır
Bakı, 16 iyun, AZƏRTAC
İyunun 16-da Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində, İslam Əməkdaşlıq Təşkilatının mənzil-qərargahında Yəməndəki vəziyyəti dəyərləndirmək məqsədilə İƏT-in Xarici İşlər Nazirləri Şurasının fövqəladə toplantısı öz işinə başlayıb.
Küveyt Dövləti Baş nazirinin birinci müavini, xarici işlər naziri Şeyx Sabah Xalid Al-Hamad Al-Sabah Yəmən hökumətinin tələbi ilə çağırılmış bu toplantının məqsədi barədə iştirakçıları məlumatlandırıb. O, İslam dünyasını Yəməndə sülhün və sabitliyin bərqərar olması, habelə bu ölkənin ərazi bütövlüyü və suverenliyinin qorunub saxlanması istiqamətində öz dəstəyini əsirgəməməyə çağırıb. Küveytin Yəmənə 100 milyon ABŞ dolları məbləğində humanitar yardım ayırdığını qeyd edən Baş nazirin birinci müavini üzv ölkələri bu istiqamətdə həmrəylik nümayiş etdirməyə çağırıb.
Yəməndəki böhranın aradan qaldırılmasında İƏT-in daha aktiv və səmərəli rol oynaya biləcəyini qeyd edən qurumun baş katibi İyad bin Amin Mədəni bu barədə BMT Təhlükəsizlik Şurasının (TŞ) müvafiq sənədlərinin, habelə “Yəmənin xilas edilməsi və Vahid Yəmənin qurulması” adlı Riyad Bəyannaməsinin zəruriliyini konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Sonra Yəmənin Prezidenti Abdurabbih Mənsur Hadi çıxış edərək toplantının səmərəli nəticələrinə Yəmən xalqının böyük ümidlər bəslədiyini, habelə Yəmənin ərazi bütövlüyü və suverenliyinin qorunub saxlanması, ölkədə tüğyan edən xaosa son qoyulması üçün terrorizmə qarşı birgə mübarizənin vacibliyini qeyd edib, bu istiqamətdə üzv ölkələrin ciddi dəstəyinə ehtiyac duyulduğunu vurğulayıb. O, Yəmənin legitim hökumətinin beynəlxalq hüquqa, o cümlədən Cenevrə prosesinə sadiq qaldığını, böhranın siyasi həlli istiqamətində BMT TŞ-nin müvafiq qərarının və Riyad Bəyannaməsinin “yol xəritəsi” rolu oynaya biləcəyi qənaətində olduğunu söyləyib.
İclasda çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, xüsusi tapşırıqlar üzrə səfir Aqşin Mehdiyev Yəməndə davam edən savaşın Azərbaycan hökuməti və ictimaiyyəti tərəfindən ciddi narahatlıqla izləndiyini, böhranın tezliklə ölkənin ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinə, Yəmən xalqının birliyinə tərəfdar olduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb. Beynəlxalq birliyin bir üzvü kimi Azərbaycanın bu istiqamətdə BMT TŞ-nin müvafiq qətnamələrinin icrasını tələb etdiyini, habelə bütün tərəflərin BMT vasitəçiliyi ilə siyasi məsləhətləşmələrin bərpasına və sürətləndirilməsinə çalışmalı olduqlarının vacibliyini qeyd edən səfir Aqşin Mehdiyev Yəmən rəhbərliyi altında sülhü və bütün tərəflərin iştirakını təmin edə biləcək keçid prosesinə ehtiyac duyulduğunu vurğulayıb.
Toplantıda digər üzv ölkələrin nümayəndə heyətlərinin rəhbərləri də çıxış ediblər.