“Azərbaycanda arxeoloji turizmin inkişaf etdirilməsi və təbliği” layihəsi həyata keçirilir
Bakı, 2 avqust (AZƏRTAC). “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi avqustun 1-dən etibarən “Azərbaycanda arxeoloji turizmin inkişaf etdirilməsi və təbliği” adlı yeni layihənin icrasına başlamışdır.
İctimai Birlikdən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkil etdiyi layihənin məqsədi ölkəmizdə arxeoloji turizmi təbliğ edərək bu sahənin inkişafına nail olmaq, tarixi-arxeoloji abidələrimizə diqqəti artırmaq, onların qorunmasını təmin etmək, arxeologiya elminə maraq oyatmaqdır.
Layihə çərçivəsində mədəniyyət və təhsil müəssisələrində arxeoloji turizmin təbliği və təşviqi ilə bağlı mühazirələr, arxeoloji turizm, arxeologiya elmi, Azərbaycanın tarixi-memarlıq, arxeoloji abidələri haqqında seminarlar təşkil olunacaqdır. Tədbirlərin iştirakçıları üçün “Azərbaycanın inciləri” bukleti hazırlanacaqdır. Arxeoturizmin imkanlarının göstərilməsi və təbliği məqsədilə yaradılacaq xüsusi internet səhifəsində (archaeotourism.az) tarixi abidələrimiz, adət-ənənələrimiz və incəsənətimiz nümayiş olunacaqdır.
Layihə çərçivəsində “Azərbaycan abidələr diyarıdır” qısametrajlı filmin çəkilməsi də nəzərdə tutulmuşdur. Film müxtəlif dillərə çevrilərək dünya ictimaiyyətinə təqdim olunacaqdır.
Turizmin təbliğinə xidmət edən yeni layihə elmi ictimaiyyətin nümayəndələri, arxeoloqlar, tarixçilər, tələbələr, magistr və aspirantlar, yerli və xarici ölkə vətəndaşları üçün faydalı olacaq, bu sahəyə marağın artmasına kömək edəcəkdir.
“Azərbaycanda arxeoloji turizmin inkişaf etdirilməsi və təbliği” layihəsi oktyabrın sonunadək davam edəcəkdir.