Azərbaycanda davamlı turizmin inkişafı ilə bağlı təqdimat maraqla qarşılanmışdır
Bakı, 20 iyun (AZƏRTAC). Azərbaycan Turizm İnstitutunun rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərovun rəhbərliyi ilə institutun bir qrup əməkdaşı Almaniyanın Vorms şəhərində Avropa İttifaqının “Davamlı turizmin idarə olunması sahəsində beynəlxalq bakalavr və magistr proqramları üçün yeni modulların hazırlanması” üzrə Tempus layihəsi çərçivəsində konfransda iştirak etmişdir.
ATİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, altı gün davam edən tədbirdə bu ali məktəbin tədqiqat və inkişaf şöbəsinin bölmə rəhbəri Kazım Quliyev, mütəxəssislər Yulius Arnegger və Nəzrin Əliyeva xüsusi fəallıq göstərmişlər.
Avropa İttifaqının Tempus layihəsi üzrə ilkin mərhələnin yekunlarına və qarşıda duran vəzifələrin icrasına həsr olunmuş tədbiri Almaniyanın Vorms Universitetinin prezidenti, professor Yens Hermsdorf açmışdır. O, çıxışında rəhbərlik etdiyi ali təhsil ocağının layihəni şərtləndirən tələblərin yerinə yetirilməsində iştirakından, həmçinin növbəti mərhələdə həlli zəruri bilinən problemlərdən ətraflı bəhs etmişdir.
Konfransın digər iştirakçısı Vorms şəhərinin meri, Hans-Joakim Kosubek isə əsasən şəhərin tarixindən, müasir iqtisadi durumundan, perspektiv planlarından danışmış, layihənin işinə uğurlar arzulamışdır.
ATİ-nin mütəxəssisi Yulius Arneggerin Azərbaycanda davamlı turizmin inkişafı ilə bağlı təqdimatı iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.
Səfər çərçivəsində professor Cəfər Cəfərov Vilhelmsafen şəhərində ATİ və Yade Tətbiqi Elmlər Universiteti (TEU) arasında əməkdaşlığın beş illiyinə həsr olunmuş tədbirdə iştirak etmişdir.
Tədbirdən sonra Vilhelmsafen şəhərinin meri Horger Borkovski ATİ nümayəndə heyəti ilə görüşmüşdür.
Professor Cəfər Cəfərovun “Radio Yade”də müsahibəsi də yayınlanmışdır.
Səfərin sonuncu günündə Yade TEU-nun prezidenti E.Şrayber və ATİ-nin rektoru C.Cəfərov yeni əməkdaşlıq müqaviləsi imzalamışlar.