“Azərbaycanda hidrometeorologiya və iqlim sahəsində xidmətlərin gücləndirilməsi” adlı tvininq layihəsinə start verilib
Bakı, 28 oktyabr, AZƏRTAC
Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən “Azərbaycanda hidrometeorologiya və iqlim sahəsində xidmətlərin gücləndirilməsi” adlı tvininq layihə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin (MHX) və Aİ-yə üzv dövlətlərin tərəfdaş qurumları olan Finlandiya, Litva və Fransanın birgə əməkdaşlığı ilə həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, layihənin aparıcı üzv dövləti Finlandiya Meteorologiya İnstitutu Litva Hidrometeorologiya Xidməti, Litva Respublikasının Ətraf Mühit Nazirliyi yanında Ətraf Mühit üzrə Layihələrinin İdarə Edilməsi Agentliyi və Fransanın su üzrə Beynəlxalq İdarəsi ilə əməkdaşlıq edir. Layihənin icrasına 2022-ci il sentyabrın 1-dən başlanılıb və 24 ay müddətində həyata keçiriləcək.
Layihənin əsas məqsədi Azərbaycanın, onun əhalisinin və iqtisadi sektorlarının iqlimlə bağlı təhlükələrə və təbii fəlakətlərə davamlılığının və uyğunlaşma qabiliyyətinin artırılmasına dəstək və Milli Hidrometeorologiya Xidmətinin (MHX) xidmətgöstərmə qabiliyyətinin milli ehtiyacları ödəmək üçün beynəlxalq standartlara və qabaqcıl təcrübələrə uyğun olaraq təkmilləşdirilməsindən ibarətdir.
Tədbirdə 70-dən çox iştirakçı, o cümlədən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Finlandiya Xarici İşlər Nazirliyinin nümayəndələri, Avropa İttifaqının, Fransa və Litvanın Azərbaycandakı səfirləri, Azərbaycanın bir sıra özəl sektoruna aid olan şirkətləri, eləcə də beynəlxalq inkişaf üzrə tərəfdaşları iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Avropa İttifaqının Azərbaycan Respublikasındakı səfiri Peter Mixalko və Finlandiya Xarici İşlər Nazirliyinin Beynəlxalq Ticarət üzrə müavini Nina Vaskunlahtini tərəfindən açıq elan edilib.