Azərbaycanda miqrantların cəmiyyətə inteqrasiyası məqsədilə layihələr reallaşdırılır
Bakı, 16 dekabr, AZƏRTAC
Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (MSİBM) Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə rəhbəri Radim Jak və təşkilatın Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri Səltənət Məmmədova ilə görüşüb.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, V.Hüseynov Azərbaycanla MSİBM arasında əməkdaşlığın inkişafından məmnunluğunu bildirib və ölkəmizdə təşkilatın nümayəndəliyinin yaradılmasının bu əlaqələrinin daha da genişləndirilməsinə töhfə verdiyini vurğulayıb.
Xidmət rəisi birgə həyata keçirilən layihələrin, miqrantların və qaçqınların cəmiyyətə tam inteqrasiyasına dəstək məqsədilə reallaşdırılan səmərəli tədbirlərin əhəmiyyətini diqqətə çatdırıb.
Səmimi görüşə görə Xidmət rəisinə təşəkkürünü bildirən Radim Jak iki qurum arasında gələcəkdə də miqrasiya sahəsində sıx əməkdaşlığın davam etdiriləcəyinə ümidvar olduğunu və bu istiqamətdə əlaqələrin inkişafına töhfəsini verəcəyini bildirib.
Görüşdə tərəflər arasında miqrasiya sahəsində qarşılıqlı maraq kəsb edən digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.