Azərbaycanda quraşdırılmış 22 seysmik stansiya üçün yeni server sisteminin yaradılmasına dair müzakirələr aparılıb
Bakı, 25 oktyabr, AZƏRTAC
Azərbaycanda səfərdə olan Gürcüstanın İlya Dövlət Universitetinin Yer Elmləri İnstitutunun Seysmoloji Monitorinq Mərkəzinin direktoru, professor Tea Godoladze və həmin mərkəzin əməkdaşı Albert Vuzaladze Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Monitorinq Mərkəzində olublar.
RSXM-nin informasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 24-25-də gürcüstanlı seysmoloqlar mərkəzin Zəlzələlərin tədqiqatı bürosunun əməkdaşları üçün “Qafqazda və Mərkəzi Asiyada seysmik şəbəkənin genişləndirilməsi” layihəsi çərçivəsində Azərbaycanda quraşdırılmış yeni 22 ədəd seysmik stansiya üçün yeni server sisteminin yaradılmasına dair müzakirələr keçiriblər. Görüşdə büronun rəisi, Yer elmləri üzrə fəlsəfə doktoru Səidə İsmayılova, büro rəisinin müavini Ruqiyyə Kərimova və büronun əməkdaşları iştirak ediblər. Müzakirələr zamanı yeni yaradılacaq server sisteminin texniki parametrləri, iş prinsipləri və əldə olunmuş məlumatların yüksək texnologiyalı proqramlar vasitəsilə emalına dair məsələlər müzakirə olunub.
Gürcüstanlı seysmoloqlar, həmçinin Zəlzələ ocaqlarının dinamikası və Seysmoloji materialların təhlili və təfsiri şöbələrinin əməkdaşları ilə görüşlər keçiriblər. Keçirilən görüşlərdə əsas müzakirələr “Qafqazda və Mərkəzi Asiyada seysmik şəbəkənin genişləndirilməsi” layihəsi ətrafında həyata keçirilmiş işlərlə bağlı olub.