AZƏRBAYCANDA SEÇKİQABAĞI KRİMİNOGEN DURUM TAM NƏZARƏT ALTINDADIR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, nazir, general-polkovnik Ramil Usubov sentyabrın 17-də Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda keçiriləcək prezident seçkilərinin müşahidə olunması üzrə Xüsusi Komitəsinin seçkiqabağı missiyasının başçısı Andres Herkelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Nümayəndə heyətini salamlayan nazir DİN-in funksiyası və fəaliyyət istiqamətləri haqqında qısa məlumat vermiş, ölkədə seçkiqabağı kriminogen durumun tam nəzarət altında olduğunu bildirmişdir. Qonaqlara prezident seçkilərinə hazırlıqla bağlı görülən işlər, polisin üzərinə düşən vəzifələr barədə də ətraflı məlumat verilmişdir.
Qeyd olunmuşdur ki, həyata keçirilmiş genişmiqyaslı islahatlar çərçivəsində Azərbaycanda Avropa standartlarına uyğun, demokratik prinsiplərə söykənən yeni qanunlar qəbul edilmişdir. Bu gün Azərbaycan polisi öz əməli fəaliyyətində həmin qanunları rəhbər tutur. Bununla yanaşı, polis əməkdaşlarının maarifləndirilməsi işi də diqqət mərkəzindədir. ATƏT-in Bakı ofisinin dəstəyi və Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsi ilə birlikdə zonalar üzrə “Polis işçilərinin sərbəst toplaşmaq azadlığı üzrə maarifləndirilməsi” mövzusunda bir sıra tədbirlər həyata keçirilmişdir. Nazirliyin müvafiq əmrinə uyğun olaraq, cari ilin aprel-avqust aylarında respublikanın şəhər-rayon polis orqanlarının şəxsi heyətinə xüsusi təlim məşqləri keçirilmiş, aşkar olunmuş nöqsanların qısa müddətdə aradan qaldırılması təmin edilmişdir.
Ümumiyyətlə, qeyd olunan istiqamətlərdə polis işçilərinin peşəkarlıq səviyyəsinin daha da artırılması məqsədi ilə 100-dən çox seminar, treninq və təlim kursları keçirilmişdir. Beynəlxalq ekspertlərin də qatıldıqları həmin tədbirlərdə polis orqanlarının 2000-dən çox əməkdaşı iştirak etmişdir.
Daxili işlər naziri onu da diqqətə çatdırmışdır ki, prezident seçkiləri zamanı asayişin mühafizəsi, ictimai qaydaların və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədi ilə xüsusi tədbirlər planı hazırlanmışdır.
Qonaqlara seçki ərəfəsində vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi üzrə görülən işlərlə də bağlı məlumat verilmişdir.
Görüşdə bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmış, nümayəndə heyətinin üzvlərini maraqlandıran suallara aydınlıq gətirilmişdir.
######
