Azərbaycanda yaşıl enerji quruculuğu istiqamətində məqsədyönlü addımlar atılır
Bakı, 26 iyul, AZƏRTAC
Müasir dövrdə getdikcə dərinləşən ekoloji problemin kəskinliyini azaltmaq və onu aradan qaldırmaq üçün bərpa olunan enerji növlərinin, xüsusən də yaşıl enerjinin tətbiqi bəşəri vəzifəyə çevrilib. Azərbaycanda da yeni yaşıl infrastruktur quruculuğu istiqamətində məqsədyönlü addımlar atılır və bu proseslərə yönəlmiş strategiya dövlətin prioritetləri sırasında geniş yer alır.
Bu barədə AZƏRTAC-a açıqlamasında Azərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, memar Tərlan Əliyev deyib.
Onun sözlərinə görə, ölkənin enerji istehsalı strukturunda yaşıl enerjinin payının durmadan artması energetika balansına daha biçimli yanaşmanı və bu istiqamətdə inkişafın müvafiq yeni strateji xəttinin təyin olunmasını tələb edir. Bu baxımdan Azərbaycanın regionlarında yaşıl enerjinin potensialının balanslaşdırılması və ondan istifadənin genişləndirilməsi tədbirlərinin həyata keçirilməsinə başlanılıb.
T.Əliyev qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev böyük Qarabağ Zəfərindən sonra işğaldan azad edilmiş ərazilərin əksər hissəsini təşkil edən Qarabağ və Şərqi Zəngəzur İqtisadi rayonlarını Yaşıl Enerji Zonası elan edib. Dövlət başçısının “Azərbaycan 2030: sosial -iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında” Sərəncamı ilə işğaldan azad olunmuş ərazilərdə təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi kimi inkişaf prioritetləri təsbit olunub: “Son 15-20 il ərzində Bakıda və bölgələrdə çoxsaylı günəş və külək elektrik stansiyaları inşa edilib, bir sıra avtomobil magistrallarında, ev təsərrüfatlarında günəş panelləri quraşdırılıb. Hazırda isə ölkədə yaşıl enerji sahəsində üç iri layihə rellaşmaqdadır. Bu layihələrlə inşa olunacaq günəş və külək elektrik stansiyalarında 700 MVt-dən çox yaşıl enerji istehsal ediləcək. Bununla yanaşı, daha 22 min MVt-a qədər yeni günəş və külək elektrik stansiyalarının tikintisi nəzərdə tutulur. Burada, həmçinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında çoxsaylı irili-xırdalı SES-lərin tikintisi yer alıb”.
Memar bildirib ki, bununla yanaşı, daha 22 min MVt-a qədər yeni günəş və külək elektrik stansiyalarının tikintisi də planlaşdırılır. İri yaşıl enerji layihələri sırasına Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin Abşeron və Xızı rayonları ərazisində 240 MVt gücündə külək, Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin isə Bakının Qaradağ rayonu ərazisində 230 MVt gücündə günəş elektrik stansiyaları daxildir. Bütün bunlar həm ekologiyaya müsbət təsirini göstərəcək, həm də ənənəvi enerji resurslarına daxili bazarda qənaət edəcək.