“Azərbaycanı kəşf et” adlı tədbirdə vyetnamlılar ölkəmiz haqqında geniş məlumat əldə ediblər
Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə əlaqədar Vyetnamda
keçirilən “Azərbaycanı kəşf et” adlı tədbir iştirakçıları üçün maraqlı anlarla yadda qalıb.
Hanoydakı səfirliyimiz tərəfindən bu ölkənin ən böyük milli qoruqlarından biri olan Ba Vi Milli Parkında təşkil edilən tədbirdə Vyetnam Xarici İşlər Nazirliyinin əməkdaşları, aparıcı gənclər təşkilatlarının nümayəndələri, müxtəlif universitetlərin əməkdaşları və tələbələri, KİV təmsilçiləri iştirak ediblər.
Səfir Anar İmanov tədbirdə geniş təqdimatla çıxış edərək Azərbaycanın tarixi, keçdiyi inkişaf yolu, müstəqilliyimizin qorunmasında və möhkəmlənməsində, dövlət quruculuğunda ümummilli lider Heydər Əliyevin rolu, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin ağır nəticələri, 20 Yanvar hadisələri, Xocalı soyqırımı, eləcə də Azərbaycanın mədəniyyəti, enerji layihələri, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət, Azərbaycan-Vyetnam münasibətlərinin tarixi və bugünkü inkişafı barədə məlumat verib.
Təqdimat zamanı Azərbaycan tarixinin müxtəlif dövrlərindən bəhs edən videoçarxlar və ölkəmizin tarixi ərazilərini özündə əks etdirən xəritələr nümayiş etdirilib.
Sonra tədbir iştirakçılarına Azərbaycan mətbəxinin təamları təqdim olunub. İştirakçılar arasında Azərbaycan haqqında bilik yarışması da keçirilib. Azərbaycanın şəhər və rayonlarının adları verilən 11 komanda ölkəmiz haqqında biliklərini sınayıblar. Yarışmanın qalibləri Quba, Naxçıvan və Qarabağ komandaları olublar. Bundan başqa, tədbirdə iştirakçılara Azərbaycanın milli rəqsləri ilə bağlı məlumat verilib və videoçarxlar nümayiş etdirilib. Həmçinin iştirakçılara Azərbaycan milli rəqslərinin elementləri öyrədilib. Daha sonra Novruz adət-ənənələri ilə bağlı məlumat verilib və videoçarx nümayiş etdirilib. Tədbir iştirakçıları tonqal ətrafında yallı rəqsi ifa ediblər.
İştirakçılar “Azərbaycanı kəşf et” adlı tədbiri ölkəmizin Vyetnamda keçirilən böyük bayramı kimi qiymətləndiriblər. Həmçinin bu tədbirin onlara Azərbaycan haqqında daha geniş məlumat əldə etməyə imkan verdiyini bildiriblər.
Tədbir Vyetnam mətbuatı tərəfindən geniş işıqlandırılıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Hanoy