SİYASƏT
Azərbaycanın Almaniyadakı diasporunun fəaliyyəti müzakirə olunub
![](/files/galleryphoto/2017/3/1200x630/1513007030410106810_1200x630.jpg)
![](/files/galleryphoto/2017/3/1200x630/151300703074538064_1200x630.jpg)
![](/files/galleryphoto/2017/3/1200x630/1513007030591287313_1200x630.jpg)
![](/files/galleryphoto/2017/3/1200x630/1513007030828024758_1200x630.jpg)
Berlin, 11 dekabr, AZƏRTAC
Azərbaycanın Almaniyadakı səfirliyində diaspor təşkilatlarının rəhbərləri və fəalları ilə ənənəvi illik görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə Almaniyanın müxtəlif bölgələrini təmsil edən diaspor təşkilatlarının rəhbərləri, icma fəalları və səfirlik əməkdaşları iştirak ediblər.
Səfir Ramin Həsənov çıxış edərək Almaniyada diasporumuzun fəaliyyəti ilə bağlı mövcud vəziyyətdən danışıb. O, qarşıda duran vəzifələrə toxunaraq diaspor təşkilatlarımızın həyata keçirdiyi işləri qeyd edib. Ramin Həsənov bu sahədə müşahidə olunan proseslərdən, səfirliyin diasporla əməkdaşlığından bəhs edib, əməkdaşlığın səmərəliliyinin artırılması ilə bağlı təklif və tövsiyələrini diqqətə çatdırıb. Səfir, eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamını xatırladıb və növbəti il ərzində Azərbaycan diaspor təşkilatlarını tariximizin bu vacib səhifəsinə xüsusi diqqət göstərməyə çağırıb.
Sonra görüş diaspor cəmiyyətlərinin rəhbərləri və fəalları ilə interaktiv dialoq şəklində davam etdirilib.
Diaspor nümayəndələri Almaniyada fəaliyyətləri, Azərbaycanın bu ölkədə təbliğ edilməsi ilə bağlı apardıqları işlər barədə danışıblar. Ötən il ərzində həyata keçirilmiş diaspor işi təhlil olunaraq, onun nəticələri və aktual məsələlər müzakirə edilib, 2018-ci il üçün nəzərdə tutulmuş fəaliyyət istiqamətləri, azərbaycanlıların alman cəmiyyətinə inteqrasiyası və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin