SİYASƏT
Azərbaycanın bərpaolunan enerji proqramı dövlətimizlə əməkdaşlığa maraqları artıracaq
Şuşa, 17 yanvar, AZƏRTAC
Qarabağ Zəfəri ölkəmizin önündə güclü perspektivlər yaratdı. Bu gün Azərbaycan beynəlxalq tərəfdaşlıqda sərhəd tanımır. Dövlətimiz milli maraqların qorunması çərçivəsində yüksəksəviyyəli və geniştərkibli münasibətlər qurub. Azərbaycanın beynəlxalq aləmdə nüfuzu durmadan artır və ölkəmiz etibarlı tərəfdaşa çevrilir. Azərbaycan dövlətinin düşünülmüş şəkildə yürütdüyü uğurlu xarici siyasət nəticəsində beynəlxalq aləmdə Azərbaycanla əməkdaşlıq etmək istəyən dövlətlərin sayı günbəgün artır.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
Onun sözlərinə görə, Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin bir çox sahələr üzrə Hökumətlərarası Komissiyası mövcuddur ki, bu komissiya iki ölkə arasında işgüzar əlaqələrin, KOB-lar arasında tərəfdaşlığın genişləndirilməsi və qarşılıqlı investisiyaların təşviqi üçün müəyyən fəaliyyətləri həyata keçirir. Ölkələrimiz arasında iqtisadi və ticari əlaqələr yüksək səviyyədədir. Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimindəki iştirakı və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə olan görüşü qarşılıqlı əlaqələrimizin inkişafı və davamlılığından irəli gəlir.
“Əbu-Dabi Davamlılıq Həftəsi çərçivəsində dövlət və özəl tərəfdaşları ilə birlikdə dövlət başçılarını, siyasət xadimlərini, biznes liderlərini və texnologiya sahəsində qabaqcıl şirkətləri toplayan bir sıra tədbirlərə ev sahibliyi edir. Bu gün enerji təhlükəsizliyi və ekoloji təmiz iqtisadiyyat qlobal mövzudur. Azərbaycanın isə bu sahədə bərpaolunan enerji proqramı dövlətimizlə əməkdaşlığa maraqları daha da artıracaqdır. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində dünyada yaranmış yeni geosiyasi vəziyyətdə Azərbaycan beynəlxalq bazarda çox əlverişli mövqeyə sahib oldu. Düşünülmüş formada qurulmuş bu müttəfiqliklər daha güclü və davamlı iqtisadiyyatı formalaşdıracaq. Azərbaycan enerji ixracı və beynəlxalq marşrut sahəsində önəmli sazişlərə imza atıb. Azərbaycan Prezidenti mərasimdə çıxışı zamanı bu sahədə böyük rəqəmlər olduğunu vurğuladı və bunların belə kifayət etməmə ehtimalını da qeyd etdi. Bu rəqəmlər əməkdaşlıqların və planların ilkin mərhələsidir. Azərbaycanı qarşıda daha böyük işlər gözləyir və hər zaman olduğu kimi qarşıya qoyulmuş bütün strateji hədəflər uğurla nəticələnəcək”, - deyə deputat vurğulayıb.