SİYASƏT
Azərbaycanın beynəlxalq tədbirlərdə irəli sürdüyü təşəbbüslər səs çoxluğu ilə dəstəklənir
Bakı, 29 iyun, AZƏRTAC
Ölkələr üçün iqtisadi maraqlar insan amilindən, onun sağlamlığından sonra gəlməlidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev humanist təşəbbüslərlə dəfələrlə çıxış edib. Dövlətimizin təşəbbüsü ilə keçirilən Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə Zirvə görüşündə, Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında Sammitində, Asiya İnkişaf Bankının rəhbərləri ilə görüşdə və digər tədbirlərdə dünyanın bəlasına çevrilən koronavirusla mübarizədə insanların qorunması məsələsi ön planda tutulub. Son olaraq Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə keçirilən Zirvə görüşündə dövlətimizin başçısı bir daha dünyanın diqqətini insanları COVID 19-un zərərindən qorumağa cəlb etdi və nəticədə dünyanın 130-dan çox dövləti Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının təşkil olunması təşəbbüsünü dəstəklədi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında İslahatçı Qadınlar və İnnovasiyalar İctimai Birliyinin sədri Vüsalə Hüseynli söyləyib.
QHT sədri vurğulayıb ki, bu, birmənalı olaraq dövlətimizin başçısının beynəlxalq aləmdəki nüfuzunun göstəricisi kimi qiymətləndirilməlidir. Təbii ki, onun lider olaraq dünyada sərgilədiyi siyasi mövqeyi beynəlxalq arenada diqqətlə izlənilir. Prosesləri təhlil edən zaman görürük ki, Cənubi Qafqaz ölkələrindən məhz Azərbaycan bu gün beynəlxalq tədbirlərdə daha çox innovativ təkliflərlə çıxış edir və bu təşəbbüslər səs çoxluğu ilə dəstəklənir. Təbii ki, bu amillər bir daha Azərbaycanın beynəlxalq nüfuzundan xəbər verir ki, bunda da Prezident İlham Əliyevin xidmətləri danılmazdır.
“Azərbaycan Respublikası COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə ayırıb, 30-dan artıq dövlətə humanitar yardım göstərib. Təbii ki, ölkə olaraq bizim də zərərlərimiz, itikilərimiz var. Ancaq Prezident İlham Əliyev dünyanın böhran içərisində olduğu bir zamanda bu addımı atmaqla Azərbaycanın humanizmə necə dəyər verdiyini bir daha beynəlxalq aləmə göstərdi. Xüsusilə qeyd etməliyik ki, dövlətimizin başçısı tərəfindən yürüdülən bu siyasət dünyaya Azərbaycan humanizmdən uzaq ölkə olması və Dağlıq Qarabağ ilə bağlı yalan informasiya ötürən Ermənistan rəhbərliyinin bir daha ifşa olunmasıdır”, - deyə V.Hüseynli bildirib.