COP29
Azərbaycanın COP29-u uğurla keçirməsi Lefkoşada yüksək qiymətləndirilib
Ankara, 27 noyabr, AZƏRTAC
Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Prezidenti Administrasiyası yanında Qeyri-Hökumət Təşkilatları ilə Əlaqələr üzrə koordinator Letif Akça Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) uğurlu təşkilindən qürur duyduğunu bildirib.
AZƏRTAC xəbər verir ki, L.Akça Lefkoşada jurnalistlərlə söhbətində Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin QHT-lərinin nümayəndəsi kimi iştirak etdiyi COP29-u yüksək qiymətləndirib.
Koordinator bildirib ki, o, Bakıda iqlim problemlərinin həllində gənclərin iştirakı ilə bağlı müzakirələrdə çıxış edib. “Mənim COP29 iştirakçılarına ŞKTC hökumətinin ətraf mühit sahəsində göstərdiyi səylər barədə məlumat vermək imkanım oldu. Ölkəmiz ətraf mühitin qorunması naminə beynəlxalq əməkdaşlığa hazırdır”, - deyən Akça Şərqi Aralıq dənizinin planetin iqlim dəyişikliyinin ən çox təsir etdiyi bölgələrindən biri olduğunu xatırladıb.
O, Azərbaycanın Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyevaya ŞKTC nümayəndələrinin Bakıda keçirilən iqlim sammitində iştirakına verdiyi töhfəyə görə təşəkkür edib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara