Azərbaycanın daha bir cüdoçusu Avropa çempionatında medal qazanıb
Tbilisi, 18 aprel, AZƏRTAC
Azərbaycan cüdoçusu Zelim Tçkayev Gürcüstanın paytaxtı Tbilisidə keçirilən böyüklər arasında Avropa çempionatında bürünc medal qazanıb.
AZƏRTAC xəbər verir ki, 81 kiloqram çəkidə çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə belçikalı Matias Kasseyə qalib gəlib.
Bu gün mübarizəyə qoşulan Südabə Ağayeva (70 kiloqram) və Ömər Rəcəbli (81 kq) 1/8, Murad Fətiyev (90 kiloqram) isə 1/16 finalda uduzaraq turnirlə vidalaşıblar.
Qeyd edək ki, Azərbaycan aprelin 19-dək davam edəcək mötəbər turnirdə 9 kişi və 6 qadın olmaqla 15 cüdoçu ilə təmsil olunur. Daha əvvəl Hidayət Heydərov (73 kiloqram) gümüş, Əhməd Yusifov (60 kiloqram) və Turan Bayramov (66 kiloqram) bürünc medala sahib çıxıblar.
Müxbir - Aynur Əlixanlı