AZƏRBAYCANIN DAHA DÖRD GƏNC ŞAHMATÇISI BEYNƏLXALQ QROSSMEYSTER ADINA LAYİQ GÖRÜLMÜŞDÜR
Respublika Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirmişdir ki, FİDE-nin Sloveniyanın Bled şəhərində keçirilmiş konqresində Azərbaycanın daha dörd gənc şahmatçısı Zeynəb Məmmədyarovaya və qardaşı Şəhriyara, Cəmil Ağamalıyevə, Fərhad Tahirova beynəlxalq qrossmeyster adı verilmişdir.
Xəbər verildiyi kimi, həmin şəhərdə Ümumdünya şahmat olimpiadasının son turunda Ermənistan komandasına böyük hesabla (2,5-0,5) qalib gələn qadın şahmatçılarımız 94 ölkə arasında 5-8 yerləri bölüşdürmüşlər. Bu görüşdə milli komandamıza qələbə xallarını Firuzə Vəlixanlı və Zeynəb Məmmədyarova qazandırmış, Mehriban Şükürova isə görüşü heç-heçə başa çatdırmışdı.
Ümummiyətlə, bu il Zeynəb Məmədyarova üçün çox uğurlu olmuşdur. O, iyul ayında Bakıda gənclər arasında Avropa çempionatında qalib gəlmişdir. Olimpiadada isə üç taxtada göstərdiyi yüksək nəticəyə görə gümüş medal qazanmışdır. Nəhayət, Zeynəb Olimpiadanın nəticələrinə görə, beynəlxalq qrossmeyster adına layiq görülmüşdür.
2003-cü ildə gənclərin düya çempionatı təqvim üzrə Ermənistanda keçirilməli idi. Lakin FİDE, son illər Azərbaycan dövləti tərəfindən idmana çox böyük diqqət yetirildiyini və keçən il Bakıda şahmat üzrə gənclər arasında Avropa çempionatının yüksək səviyyədə təşkil olunmasını nəzərə alaraq, dünya çempionatının gələn il Azərbaycanda keçirilməsini qərara almışdır. Konqresdə habelə Azərbayan Şahmat Federasiyasının prezidenti, beynəlxalq qrossmeyster, Milli Məclisin deputatı Aynur Sofiyeva FİDE-nin qadın komissiyası sədrinin birinci müavini seçilmişdir. Komissiyanın sədri dünya çempionu Se Cundur.