Azərbaycanın Daxili İşlər naziri Yaponiyanın ölkəmizə yeni təyin olunmuş səfiri ilə görüşüb
Bakı, 23 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov oktyabrın 23-də Yaponiyanın ölkəmizə yeni təyin olunmuş səfiri Cuniçi Vada ilə görüşüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfiri yeni təyinatı münasibətilə təbrik edən general-polkovnik Vilayət Eyvazov ona dəyərli fəaliyyətində uğurlar arzulayıb. Nazir yeni səfirin fəaliyyəti ilə Azərbaycan-Yaponiya əlaqələrinə böyük töhfələr verəcəyini və iki dövlətin qarşılıqlı faydalı əməkdaşlığının bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.
Tanışlıq xarakteri daşıyan görüşdə səfirə Daxili İşlər Nazirliyinin funksiyaları, vəzifələri, eləcə də ölkədəki kriminogen durum barədə qısa məlumat verilib və tərəfləri maraqlandıran digər məsələlər müzakirə edilib.
Görüşə və təbrikə görə general-polkovnik Vilayət Eyvazova minnətdarlığını bildirən səfir Cuniçi Vada Azərbaycandakı diplomatik fəaliyyəti dövründə dövlətlərimiz və xalqlarımız arasındakı yüksək səviyyəli əlaqələrin daha da möhkəmləndirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.