SİYASƏT
Azərbaycanın Dövlət Müstəqilliyi Günü Pakistan mətbuatının diqqətində
Pakistanın “Centreline” jurnalı və DNA informasiya agentliyi “Azərbaycanın müstəqilliyinin 23-cü ildönümü” adlı məqalə yayıb.
Məqalədə 1991-ci il oktyabrın 18-də Azərbaycan xalqının dövlət müstəqilliyini bərpa etdiyi bildirilir, tarixə nəzər salınır. Qeyd edilir ki, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan dünya birliyinin tam hüquqlu üzvünə çevrildi. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri oldu.
Azərbaycanın inkişafının ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğu qeyd edilən yazıda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən uğurlu layihələr barədə də məlumat verilir. Qeyd edilir ki, Azərbaycanda aparılan islahatlar həyatın bütün sahələrini - kənd təsərrüfatı, sənaye, idman, turizm və digər sahələri əhatə edir.
Müəllif Azərbaycanın Şərq ilə Qərbin qovuşuğunda yerləşdiyini, bu ölkənin Avropanın enerji təhlükəsizliyinin təminində mühüm rol oynadığını vurğulayır.
Azərbaycanın beynəlxalq əlaqələrindən də bəhs edilən yazıda ölkəmizin bir sıra beynəlxalq və regional təşkilatların fəal üzvü olduğu, 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildiyi diqqətə çatdırılıb.
Məqalədə, həmçinin Pakistanla Azərbaycan arasında dostluq münasibətlərinin, siyasi, iqtisadi, maliyyə, hərbi, ticarət, mədəniyyət və digər sahələrdə əlaqələrin mövcud olduğu, hər iki ölkənin qlobal və regional məsələlərdə yaxından əməkdaşlıq etdiyi, bir-birini dəstəklədiyi vurğulanıb.
Məqalənin tam mətni ilə aşağıdakı linklərdən tanış olmaq mümkündür:
http://centreline.com.pk/?p=4509
http://dnanews.com.pk/?p=32883
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad