Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ispandilli ölkələrin adları açıqlanıb
Bakı, 24 fevral, Elvin Camalov, AZƏRTAC
Cari ilin yanvarında Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ispandilli ölkələr İspaniya, Meksika və Ekvador olub.
AZƏRTAC Dövlət Gömrük Komitəsinin məlumatına istinadla xəbər verir ki, ölkəmizin İspaniya ilə ticarət dövriyyəsi 51 milyon ABŞ dolları, Meksika ilə 9 milyon dollar, Ekvadorla isə 3,1 milyon dollar təşkil edib. 2019-cu ilin müvafiq dövrünə nisbətən hər 3 ölkə ilə ticarət dövriyyəsi artıb.
Bu ölkələr, eyni zamanda, Azərbaycanın ən çox məhsul idxal etdiyi ispandilli ölkələr sırasında da ilk üçlükdədir. İdxalda ilk yerdə Meksika qərarlaşıb və bu ölkə ilə 9 milyon dollarlıq idxal əməliyyatı aparılıb. İspaniyadan idxalın dəyəri 4 milyon dollar, Ekvadordan isə 3,1 milyon dollar təşkil edib. Ölkəmiz İspaniyadan idxalı azaltsa da, Meksika və Ekvadordan idxalı artırıb.
Keçən ay ispandilli ölkələrdən yalnız İspaniyaya məhsul ixrac edilib və bu ölkəyə ixracın dəyəri 47 milyon dollar olub. İspaniyaya məhsul ixracı artıb.
Azərbaycanın ticari əməkdaşlığı ən az olan ispandilli ölkələr Salvador, Panama və Dominikan Respublikası olub.
Qeyd edək ki, İspaniya Azərbaycan ilə ticarət dövriyyəsində əsas ölkələrin siyahısında ötən ay 1 pillə geriləyərək 13-cü yerdə qərarlaşıb.