AZƏRBAYCANIN FUTBOL ÜZRƏ YIĞMA KOMANDASININ BAŞ MƏŞQÇİSİ BERTİ FOQTS LƏNKƏRANDA MƏTBUAT KONFRANSI KEÇİRMİŞDİR
Lənkəran, 3 sentyabr (AZƏRTAC). Azərbaycanın futbol üzrə yığma komandasının baş məşqçisi Berti Foqts sentyabrın 5-də Lənkəranın mərkəzi stadionunda 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Finlandiya millisi ilə oyun qarşısında mətbuat konfransı keçirmişdir.
Yığmanın hazırlığı barədə jurnalistlərə məlumat verən B.Foqts bildirmişdir ki, futbolçularımız Lənkəranda çox yaxşı məşq edirlər. Bununla belə, komandanın bir sıra problemləri də vardır. Bəzi futbolçularımızın milli komandanın heyətində oyun təcrübəsi yoxdur. Oyunçuların bir çoxu klublarının keçirdiyi son görüşlərdə meydançaya cəmi yarım saat çıxmış, bəziləri isə ümumiyyətlə ehtiyatda qalmışlar. Finlandiya futbolçularının isə oyun təcrübəsi daha çoxdur. Həm Finlandiya, həm də Almaniya futbol klubları keçən həftənin dördüncü günü Avroliqada mübarizə aparmış, ardınca isə ölkə çempionatları çərçivəsində görüşlər keçirmişlər.
Digər problem, dörd gündə iki qarşılaşmanın keçirilməsidir. Sentyabrın 5-də rəqib meydançasında Almaniya ilə görüşüb, bundan dörd gün sonra Finlandiyanı qəbul etməyimiz əlbəttə, daha yaxşı olardı. Belədə isə, Finlandiya ilə oyundan sonra səfərdə dünyanın ən güclü komandalarından biri - Almaniya millisi ilə bərabər mübarizə aparmaq bizim üçün çətin olacaqdır.
Finlandiya ilə oyunda müdafiə taktikasına üstünlük verəcəyik. Komandanın kapitanı və lideri Rəşad Sadiqov kimi təcrübəli futbolçunun oyuna çıxmaması məyusedici haldır. Bu oyunda səhvə yol verməməliyik. Biz yerli azarkeşlərdən də böyük dəstək gözləyirik. Əgər qalib gələ bilsək, bu əsl sensasiya olacaqdır. Komandamız cavan futbolçulardan ibarətdir və onlar yığmanın gələcəyidir. Futbolçular lazımi səviyyədə məşqləri davam etdirsələr, 4-5 ildən sonra komandamızla fəxr edə biləcəyik.
Mətbuat konfransında Berti Foqts sualları da cavablandırmışdır.
######
