Azərbaycanın gələcək həkimləri Ankarada təcrübə keçiblər
Ankara, 19 iyul, AZƏRTAC
Ankara Universitetində Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin Türkiyə paytaxtında ixtisasartırma kurslarına gəlmiş 25 tələbəsinə sertifikatların təqdim olunması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Ankara Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasında əməkdaşlıq haqqında protokola uyğun olaraq, bir qrup azərbaycanlı tələbə iyulun 8-dən 19-dək Türkiyə paytaxtında kurslarda iştirak edib.
Azərbaycanın gələcək həkimləri Türkiyə paytaxtının universitet xəstəxanalarının müxtəlif şöbələrində təcrübə keçiblər.
Sertifikatların təqdimetmə mərasimində Ankara Universitetinin rektoru Necdet Ünüvar, Tibb fakültəsinin dekanı Zehra Aycan və başqaları iştirak ediblər.
Tədbir iştirakçıları qarşısında çıxış edən universitetin rektoru müasir türk təbabətinin nailiyyətlərinə diqqət çəkib. O qeyd edib ki, bu uğurlar tibb kadrlarının yüksək səviyyədə hazırlanmasının nəticəsidir.
Ünüvar diqqətə çatdırıb ki, qardaş Azərbaycanda da Ankara Universitetinin Tibb fakültəsində təhsil almağa böyük maraq göstərirlər. “Son üç ildə universitetimizə Azərbaycanda keçirilən qəbul imtahanlarında çox yüksək bal toplayan abituriyentlər qəbul olunub. Bütün bunlar Ankara Universitetinin populyarlığının göstəricisidir”, - deyə rektor bildirib.
O, Naxçıvan Dövlət Universitetinin tələbələrini Türkiyə universitetinin müəllimləri ilə əlaqəni kəsməməyə çağırıb. “Ümidvaram ki, təhsilinizi başa vurduqdan sonra Azərbaycan təbabətinin inkişafına maksimum töhfə verəcək və ölkəniz üçün faydalı olacaqsınız”, -deyə Ünüvar əlavə edib.
Fakültənin dekanı Zehra Aycan isə bildirib ki, imzalanmış protokola uyğun olaraq hər il Azərbaycandan Ankaraya kurslarda təhsil almaq üçün 20-25 tələbə gəlir. “Universitetimizə gələn tələbələr təcrübə keçmək istədikləri sahələri seçə bilərlər. Biz qardaş ölkədən olan gənclərə dəstək olmaq üçün əlimizdən gələni etməyə hazırıq”, -deyə dekan əmin edib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara