AZƏRBAYCANIN GÜRCÜSTANDAKI MÜVƏQQƏTİ İŞLƏR VƏKİLİ TBİLİSİDƏ ZİYALILARLA GÖRÜŞMÜŞDÜR
Görüşdə azərbaycanlıların yığcam məskunlaşdığı bölgələrə səfərləri, əhalini narahat edən problemlərlə bağlı Gürcüstan rəsmiləri ilə görüşləri, onların həlli yolunda görülən işlər barədə ətraflı məlumat verən müvəqqəti işlər vəkili, ulu öndərimiz Heydər Əliyevin xaricdə yaşayan soydaşlarımıza qayğısından, onların durumunun yaxşılaşması yönümündə atdığı cəsarətli addımlardan danışmış və məhz Gürcüstan azərbaycanlılarının firavanlığı naminə öz həyatını təhlükə qarşısında qoyaraq, qlobal layihələrin bu ölkənin ərazisindən keçməsinə nail olduğunu xüsusi qeyd etmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin dünya miqyaslı siyasətçi Heydər Əliyev kursunu layiqincə davam etdirdiyini vurğulayan S.Əliyev, məhz dövlətimizin başçısının göstərişi sayəsində xaricdə yaşayan soydaşlarımızın durumu ilə əlaqədar xüsusi Dövlət Proqramı hazırlandığını demişdir. Gürcüstan Azərbaycanlıları İttifaqının sədri Süleyman Süleymanov, professor Valeh Hacıyev, “Ozan” cəmiyyətinin sədri Kamil Kirəcli və başqaları çıxış edərək arzu və təkliflərini bildirmişlər.
Görüşdə Tbilisi Azərbaycan Dövlət Dram Teatrının rejissoru Qoça Kapanadze də çıxış edərək, teatrın qarşılaşdığı problemlərdən danışmışdır.