İQTİSADİYYAT
Azərbaycanın innovasiya öncülləri “Surge Summit”də iştirak edib
Bakı, 11 sentyabr, AZƏRTAC
“PASHA Holding”in sponsorluğu ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) nümayəndə heyəti Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən “Surge Summit” tədbirində iştirak edib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə İRİA-nın innovasiya üzrə rəhbəri İqor Ovçarenko və “Caucasus Ventures” vençur fondunun rəhbəri Məmməd Kərimin çıxışları tədbir iştirakçılarının böyük marağına səbəb olub. Belə ki, Məmməd Kərim təqdimatı zamanı investorların ilkin mərhələdəki startaplardan olan gözləntilərin spesifik cəhətləri mövzusunda danışıb. İqor Ovçarenko isə inkişaf etməkdə olan regionların startap ekosisteminə yönəlik yatırım potensialından bəhs edib. Bundan əlavə, İRİA-nın Ekosistem Departamentindən Camal Ağayev və şərq ölkələri üzrə regional rəhbər Paşa Əliyev də tədbirə qatılıblar.
Qeyd edək ki, nümayəndə heyətinin tərkibində Azərbaycanın ən qabaqcıl startapları da yer alıb. "Jetware", "Wideely", "Budgety", "Best.az" və "Perkskit" MMC kimi ən perspektivli startaplarımız tədbirin “pitching” sessiyasında iştirak ediblər, texnoloji həlləri, innovativ məhsullarını tədbir iştirakçılarına nümayiş etdiriblər.
Bu, onu deməyə əsas verir ki, “Surge Summit” yerli ekosistem oyunçuları üçün yeni əməkdaşlıqlar, şəbəkələşmə və Azərbaycan ekosisteminin qlobal auditoriyaya tanıtımı baxımından olduqca faydalı və nəticəyönümlü tədbir olub.