AZƏRBAYCANIN KİTABXANA MÜTƏXƏSSİSLƏRİ BEYNƏLXALQ KONFRANSDA
AZƏRTAC Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, ölkəmizin kitabxana mütəxəssisləri Mədinə Vəliyeva (M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının şöbə müdiri) və Rəna Biləndərli (V.Korolenko adına Mərkəzi Şəhər Gənclər Kitabxanasının direktoru) Anapada öz işinə başlayan “Kitabxanalardan gələcəyə” adlı VIII Beynəlxalq konfransda iştirak edirlər.
Əsasən “Prioritet milli layihələrin informasiya təminatında kitabxanaların rolu: gənclər üçün yeni imkanlar” mövzusunun müzakirə edildiyi konfransda Azərbaycan, Belarus, Rusiya və Qazaxıstanın kitabxana mütəxəssisləri təhsil prosesinin informasiya təminatında kitabxanaların fəaliyyəti, informasiya mədəniyyətinin formalaşmasında, ruhi-mənəvi tərbiyədə, gənclər mühitində mənfi təzahürlərin aradan qaldırılması, sağlam həyat tərzinin təbliğində kitabxanaların rolu barədə fikir mübadiləsi aparırlar.
Azərbaycan Milli Kitabxanasının şöbə müdiri Mədinə Vəliyeva “Ədəbi Qafqaz: müdriklərin hikmətli sözünü eşitmək” mövzusunda keçirilən dəyirmi masada məruzə etmiş, Rəna Biləndərli isə “Qafqazda milli mədəniyyətlərin dialoqu” bölməsində Azərbaycan haqqında slaydlar nümayiş etdirmişdir.
Sentyabrın 17-də, konfransın növbəti iş günündə Krasnodar vilayət elmi kitabxanasında Azərbaycan guşəsinin təntənəli açılışı olacaqdır. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən kitabxanaya Azərbaycan, ingilis və rus dillərində “Heydər Əliyev və mədəniyyət”, “Mədəniyyətimizin və mədəni incilərimizin hamisi”, “Qobustan - Azərbaycanın qədim mədəniyyət ocağı”, “Azərbaycan geyim mədəniyyəti tarixi” və s. kitab, not, bələdçilər hədiyyə ediləcəkdir.