AZƏRBAYCANIN KOMANDASI TURNİRİN QALİBİ OLMUŞDUR
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, gimnast qızlarımız çox yaxşı çıxış edərək, çoxnövçülükdə 27,70 bal toplamışlar. Onlar beş lentlə hərəkətlərə görə 12,70 bal qazanmışlar, 3 halqa və 2 gürz ilə çıxışları isə daha yüksək - 15 balla qiymətləndirilmişdir. Beləliklə, Anna Bitiyeva, Dina Qorina, Valeriya Yeqay, Alina Tryopina, Anastasiya Prasolova və Səbinə Alxazova ilk dəfə turnirin qızıl medalına layiq görülmüş və Estoniyaya dünya çempionları ranqında gəlmiş Rusiya qadın gimnastları qrupundan 2,5 bal irəli çıxmışlar.
Bu qələbə rusiyalı mütəxəssisi İnna Bıstrovanın rəhbərliyi ilə keçirilmiş çoxsaylı toplanışlar, məşqçi Nataliya Nərimanovanın apardığı fiziki hazırlıq məşğələlərindən, habelə komandanın baş məşqçisi Nataliya Dmitrovanın gecə-gündüz apardığı məşğələlər sayəsində mümkün olmuşdur.
“Miss Valentina” turnirinin keçirilməsi üçün məsul olan Yanika Mölder demişdir: “Azərbaycan komandasının dünya çempionatında 8-ci yer tutması artıq onun böyük potensialından xəbər verirdi. Tartuda isə qızlar qüsursuz çıxış etmiş, parlaq qələbə qazanmış, Estoniyada bütün gimnastika azarkeşlərinin qəlbinə yol tapmışlar”.
Gimnastika dairələrində tanınan Almaniya fotoqrafı Bernd Tiyerolfun dedikləri də diqqətəlayiqdir: “Mən Azərbaycan qrupunun çoxlu şəklini çəkmişəm. Onlar ən mötəbər fotoqalereyalarda nümayiş etdirilməyə layiqdir”.