Azərbaycanın məktəbli cüdoçuları Kiyevdə medallar qazanıblar
Kiyev, 14 mart, AZƏRTAC
Azərbaycanın məktəbli cüdoçuları Kiyevdə keçirilən beynəlxalq yarışda 5 medal qazanıblar.
AZƏRTAC xəbər verir ki, yarışdan sonra Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev uğur qazanan idmançılarla görüşüb. Səfir qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə idmana diqqət və qayğısı nəticəsində son illər idmançılarımız beynəlxalq yarışlarda qazandıqları medalların sayını artırmaqdadırlar.
Bakı şəhər Nizami rayon idman məktəbinin müəllimi Məmməd Xudiyev bildirib ki, Kiyevdə keçirilən ənənəvi beynəlxalq yarışda Azərbaycan və Ukrayna idmançıları ilə yanaşı, Latviyadan, Litvadan, Rumıniyadan və Belarusdan olan cüdoçular da mübarizə aparıblar. İki gün davam edən yarışda Azərbaycan idmançıları iki qızıl və üç bürünc medal qazanıblar.
M.Xudiyev məktəbli cüdoçularımızın aprelin 26-da Macarıstanda keçiriləcək beynəlxalq turnirdə də iştirak edəcəklərini vurğulayıb.
Görüşdən sonra Azərbaycan idmançıları ümummilli lider Heydər Əliyevin Kiyevdə ucaldılmış abidəsini ziyarət ediblər.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev