AZƏRBAYCANIN NİDERLANDDAKI SƏFİRİ BU ÖLKƏDƏKİ AZƏRBAYCAN VƏ TÜRK İCMALARININ FƏALLARI İLƏ GÖRÜŞMÜŞDÜR
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycanın Niderlanddakı səfiri Fuad İsgəndərov Benilüks Azərbaycanlıları Konqresinin (BAK) və Hollandiyadakı Azərbaycan Türk Kültür Dərnəyinin (ATKD) üzvləri ilə görüşlər keçirmişdir.
Səfir Azərbaycanda həyata keçirilən islahatlar, ölkəmizin xarici siyasətinin əsas prioritetləri, Niderland Krallığı ilə ikitərəfli münasibətlərin indiki vəziyyəti və perspektivləri, hökumət tərəfindən xaricdə yaşayan azərbaycanlılarla aparılan iş barədə məlumat vermişdir.
F.İsgəndərov Niderlandda çoxlu soydaşımızın yaşadığını qeyd edərək, diaspor nümayəndələrini ölkəmiz haqqında aparılan təbliğat işində daha fəal olmağa, respublikamızın maraqlarına uyğun məsələlərdə eyni mövqedən çıxış etməyə çağırmışdır. Azərbaycan və türk diaspor təşkilatlarının sıx əməkdaşlığının faydası xüsusi vurğulanmışdır.
Qeyd olunmuşdur ki, Azərbaycan rəhbərliyi Niderland ilə münasibətlərin inkişafına xüsusi diqqət yetirir. Azərbaycanın bu ölkədəki səfirliyi soydaşlarımız üçün maraq kəsb edə biləcək bir sıra məsələlərin həlli ilə yaxından məşğul olacaqdır.
Konqresin rəhbəri Sahil Qasımov və təşkilatın digər üzvləri Azərbaycanın Niderlandda səfirliyinin açılmasının əhəmiyyətini vurğulayaraq, təşkilatın gələcək planları haqqında məlumat vermişlər.
Azərbaycan Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkın səfirliyin açılmasını çoxdan gözlədiklərini bildirmişdir.
Görüşdə Haaqada Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunacaq abidənin qoyulması məsələsinə də toxunulmuşdur. Qeyd olunmuşdur ki, şəhər bələdiyyəsi abidənin qoyulması üçün Haaqanın ən qədim qəbiristanlığında ərazi ayırmışdır. Hazırda heykəl layihəsinin təsdiq oluması və təşəbbüsün maliyyələşdirilməsi istiqamətində iş aparılır.