SİYASƏT
Azərbaycanın Rusiyadakı səfiri “İlin səfiri” mükafatına layiq görülüb
Oktyabrın 16-da Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyinin üzvləri ilə görüşüb.
Səfirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ASGA-nın təsisçisi və sədri Səbuhi Abbasov görüşə görə səfir Polad Bülbüloğluya təşəkkür edərək rəhbərlik etdiyi İctimai Birlik haqqında məlumat verib.
ASGA tərəfindən həyata keçirilən “Azərbaycanın müstəqilliyinin qazanılmasında və möhkəmləndirilməsində ulu öndər Heydər Əliyevin rolu” adlı layihə çərçivəsində Ümummilli Liderin irsinin araşdırılması və təbliği istiqamətində görülən işlərdə Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin rolunu qeyd edən təşkilat sədri, bununla bağlı azərbaycanlı gənclər, eyni zamanda, ölkəmizin KİV və QHT nümayəndələri arasında sorğu aparıldığını bildirib. Diqqətə çatdırıb ki, sorğunun nəticələrinə əsasən, səfir Polad Bülbüloğlu respondentlər tərəfindən “İlin səfiri” mükafatına layiq görülüb.
Daha sonra mükafat səfir Polad Bülbüloğluya təqdim edilib.
Mükafata görə ASGA-nın üzvlərinə və sorğuda iştirak etmiş respondentlərə təşəkkürünü bildirən səfir, mükafatı səfirliyin hər bir diplomatına verilən qiymət kimi dəyərləndirib. Həmçinin Polad Bülbüloğlu Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdiyini vurğulayıb və son dövr ərzində iki ölkə arasında həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlərdən söhbət açıb.
Azərbaycanın Rusiyadakı səfiri iki ölkənin ictimai-siyasi həyatında, xalqlarımız arasında ənənəvi dostluq və qonşuluq münasibətlərinin inkişafında gənclərin rolunu xüsusi vurğulayıb. Bu əlaqələrin daha da möhkəmləndirilməsi üçün gənclərin gələcəkdə də mövcud olan ənənəni davam etdirməsini tövsiyə edib.
Polad Bülbüloğlu Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın sədri olduğu Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) fəaliyyəti, onun keçirdiyi tədbirlər haqqında məlumat verib.
Görüşün sonunda səfir Polad Bülbüloğlu ASGA üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva